Azad edilmiş ərazilərdə faydalı qazıntı yataqları daha 2 il birbaşa danışıqlar yolu ilə istifadəyə veriləcək
İşğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqları (tələb olunan faydalı qazıntı növləri və onların həcmi nəzərə alınmaqla) istifadəyə verildikdə daha 2 il birbaşa danışıqlar yolu ilə veriləcək.
“TV1” xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Yerin təkinin (qiymətli və əlvan (o cümlədən nəcib) metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının Siyahısı”nda müvafiq dəyişiklik edib.
Bundan əvvəl qüvvədə olan qərara əsasən, 2025-ci il yanvarın 1-dək azad edilmiş ərazilər faydalı qazıntı yataqları daha birbaşa danışıqlar yolu ilə veriləcəkdi. Bu müddət 1 yanvar 2027-ci ilədək uzadılıb.
Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikilməsi və istismarı məqsədilə ayrılan yerin təki sahələri işğaldan azad edilmiş ərazilərdə yerləşdikdə də 2027-ci il yanvarın 1-dək birbaşa danışıqlar yolu əsas götürüləcək .