AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb
Ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb. Pilotlarımız peşəkar olub, onların 10 min saatdan çox uçuş ediblər.
“TV1” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AZAL-ın prezidenti Samir Rzayev deyib.
“Təyyarə oktyabr ayında tam təmirdən çıxıb. Texniki nasazlıq olmayıb”, – Samir Rzayev bildirib.
Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
Qəzanın səbəbləri araşdırılır.
Xatırladaq ki, bu gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan təyyarənin göyərtəsində 37 Azərbaycan vətəndaşı olub.
“İlkin məlumatlara görə, təyyarənin göyərtəsində 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan, 16 Rusiya vətəndaşı olub”, – deyə Nazirliyin məlumatında bildirilir.
AZAL-dan bildirilib ki, Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.