Azərbaycan-Çin münasibətlərində sıçrayışlı inkişaf dövrü yaşanır - Şahin Mustafayev
Bu gün əminliklə demək olar ki, Azərbaycan-Çin əlaqələri çox uğurlu inkişaf dövrünü yaşayır. Xüsusilə son iki il ərzində çox böyük hadisələr baş verib. 2024-cü ilin iyulunda Şanxay Əməkdaşlıq Təşkilatının Astanadakı zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Çin lideri Si Cinpinlə görüşü zamanı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında bəyannamə qəbul edilib. Bu ilin aprelində isə Azərbaycan Prezidentinin Çinə dövlət səfəri zamanı 20-yə yaxın sənəd imzalanıb. Onlar sırasında ən önəmli yer tutan məhz Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın qurulması haqqında sənədin qəbul olunmasıdır.
“TV1” xəbər verir ki, bu barədə Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev bildirib. O, Prezidentin avqustun sonunda-sentyabrın əvvəlində Çinə səfəri zamanı Sədr Si Cinpinlə bir daha görüşüb danışıqlar apardığını deyib. “Aparılan danışıqlar, imzalanan sənədlər, əldə olunan razılaşmalar öz bəhrəsini verir. Azərbaycan-Çin münasibətlərində demək olar ki, sıçrayışlı inkişaf dövrü yaşanır”, – deyən Baş nazirin müavini əlavə edib ki, ilin 9 ayında Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsi 28 faiz artaraq 3,4 milyard ABŞ dollarını keçib.
Ş.Mustafayev deyib ki, bu, çox önəmli bir rəqəm və həcmdir: “Düşünürəm ki, bu rəqəm artmaqda davam edəcək, çünki qarşılıqlı maraq çox böyükdür. Çin şirkətləri, Çin nümayəndə heyətləri Azərbaycana davamlı səfərlər edirlər, ölkəmizdə müxtəlif sahələrdə enerji, xüsusilə yaşıl enerji sahəsində, sənaye, investisiyalar, turizm sahəsində böyük layihələr həyata keçirməkdədirlər. Azərbaycanda 40-a yaxın iri layihə Çin şirkətləri tərəfindən həyata keçirilir. Bu şirkətlərin fəaliyyəti və layihələrin icra vəziyyətini müvafiq qurumlar izləyir, dəstək göstərir. Əminəm ki, bu layihələr də uğurlu olacaq, onların həm investisiya, həm ticarət dövriyyəsinə ciddi təsir göstərəcək”.
Azərbaycanın qeyri-neft ixracının şaxələndirilməsi istiqamətində önəmli addımlar atıldığını, hökumətin, müvafiq qurumların böyük həcmdə iş gördüyünü deyən Hökumətlərarası Komissiyanın həmsədri əlavə edib: “Çində Azərbaycanın ticarət və şərab evləri fəaliyyət göstərir, Azərbaycan şirkətləri davamlı olaraq Çində keçirilən sərgilərdə, o cümlədən Şanxayda Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir. Sərgidə Azərbaycan pavilyonu fəaliyyət göstərir. Bu tədbirlər öz bəhrəsini verir, gələcəkdə də verəcək. Biz gələcəkdə daha ciddi uğurları görəcəyik”.








