Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş kitabın təqdimatı keçirilib - FOTO 

media-ads_728_90

Dağ yəhudilərinin Bakı sinaqoqunda siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “Dostumuz, müttəfiqimiz” kitabının təqdimatı olub.

“TV1” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, etnik, dini icmaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən hüquq müdafiəçisi Çingiz Qənizadə bu kitabın nəşrinin vacibliyi barədə danışıb. O əlavə edib ki, sözügedən nəşr iki xalqın dostluğuna həsr olunub.

Milli Məclisin deputatı Anatoli Rəfailov müəllifin Azərbaycan ilə İsrail arasındakı əlaqələri düzgün əks etdirdiyini qeyd edərək bildirib ki, bu kitab ikitərəfli münasibətlərə töhfədir.

Tədbir iştirakçıları vurğulayıblar ki, həm Azərbaycan, həm də ivrit dillərində çap olunmuş kitabda ölkəmizdə yaşayan yəhudilərin tolerantlıq imkanlarını ən yüksək səviyyədə nümayiş etdirdikləri qeyd olunub.

Azərbaycanın din ilə dövlət arasında harmoniya yaradan nadir ölkələrdən biri olduğunu vurğulayan ölkəmizdəki Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev müəllifin azərbaycançılıq ideyalarının aydın şəkildə əks etdirdiyini bildirib. O, Azərbaycan həqiqətlərinin dünyada daha çox tanınmasının vacibliyini də vurğulayıb.

Kitabın müəllifi Vaqif Abdullayev bildirib ki, İsrail dövləti hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. O, ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib. Azərbaycan-İsrail münasibətlərinin qarşılıqlı hörmət əsasında qurulduğuna diqqət çəkən müəllif, həmçinin münasibətlərimizin tarixi kökləri barədə danışıb, bu birliyin xalqlarımız arasında möhkəm dostluğa əsaslandığını qeyd edib.

Kitabın redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru və millətlərarası dini münasibətlər üzrə ekspert Moisey Bekkerdir.

media-ads_728_90
Paylaş