Azərbaycan-Macarıstan arasında yeni əməkdaşlıq üfüqləri
Azərbaycanın xarici siyasətinin önəmli istiqamətlərindən biri də Macarıstanla əlaqələrin möhkəmləndirilməsidir. Bu, baxımdan Avropa İttifaqının üzvü olan Macarıstan Azərbaycanın Qoca qitə ilə əlaqələrinin inkişafında mühüm rol oynayır.
1992-ci ildən etibarən qurulan Azərbaycan-Macarıstan diplomatik əlaqələri son onilliklər ərzində çoxşaxəli tərəfdaşlığa çevrilib. 2014-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə bu istiqamətdə əsaslı rol oynayıb. 2023-cü ilin yanvarında imzalanan Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə isə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasına səbəb olub. Yüksəksəviyyəli dialoqlar, parlamentlərarası münasibətlər və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu tərəfdaşlığın təməl sütunlarını təşkil edir.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə dostluq münasibətləri, yüksəksəviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan Prezidenti Macarıstanda 2023-cü ilin yanvar ayında rəsmi, avqust ayında işgüzar, Macarıstanın Baş naziri Azərbaycanda 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında işgüzar səfərlərdə olublar.
Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri əlaqələrimizin tarixində mühəm məqamlardan biri kimi yadda qalıb. Həmin vaxt Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik edirdi. İttifaqa üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər olması baxımından mühüm əhəmiyyət kəsb edib.
İkitərəfli əməkdaşlığın xüsusi xarakterinin daha bir göstəricisi Azərbaycan-Macarıstan Strateji Dialoqunun təsis edilməsidir. 2023-cü ilin sentyabrında Budapeştdə, 2024-cü ilin iyununda Bakıda baş tutmuş iclaslar bu yöndə böyük əhəmiyyət kəsb edib.
Parlamentlərarası əlaqələrimiz də uğurla inkişaf edir. Həmçinin beynəlxalq parlament təşkilatları çərçivəsində sıx əməkdaşlıq mövcuddur.
Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edir, bir-birinin təşəbbüslərini dəstəkləyir.
Təqdirə layiq haldır ki, Macarıstan Avropa İttifaqı, Avropa Şurası və digər Avropa strukturlarında ölkəmizin maraqlarını müdafiə edir.
Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdəki Nümayəndəliyi Ofisinin fəaliyyəti və Macarıstanın bu təşkilatda müşahidəçi statusu da əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir. Təşkilatın fəaliyyəti bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan tərəfindən TDT Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində əlavə vəsait köçürülüb. Bu vəsait şübhəsiz ki, digər üzvləri də stimullaşdıracaq.Bu yöndə xatırlatmaq yerinə düşər ki, Baş nazir Viktor Orban dəfələrlə bəyan edib ki, Macarıstan Avropanın ən Şərq, Türk dünyasının isə ən Qərb dövlətidir.
Macarıstan davamlı olaraq Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib. Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. “KÉSZ” şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir. Macarıstan hökumətinin vəsaiti hesabına Soltanlı kəndində məktəbəqədər və ümumi təhsil müəssisələri üçün binalar inşa ediləcək.
Ümumilkdə 2024-cü il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib. Azərbaycanlı investorlar isə Macarıstanda kənd təsərrüfatı, nəqliyyat və digər sahələrdə böyük sərmayələr qoyurlar.
Azərbaycan və Macarıstan arasında iqtisadi əməkdaşlıq son illərdə sürətlə inkişaf edən bir sahə olaraq diqqət çəkir. Xüsusilə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. Azərbaycan təbii resursları, müasir nəqliyyat infrastrukturu və strateji coğrafi mövqeyi ilə Macarıstanın iqtisadi maraqlarına uyğun olan müxtəlif sahələrdə təkliflər irəli sürür. Son illərdə ikitərəfli iqtisadi əlaqələrin inkişafı istiqamətində müntəzəm şəkildə birgə biznes-forumlar təşkil olunur.
Respublikamızın Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Bu kontekstdə yaşıl enerji sahəsində imzalanmış müqavilələr və layihələr xüsusilə diqqət çəkir. Macarıstanın enerji şaxələndirilməsinə dair maraqları Azərbaycanla strateji əməkdaşlığını daha da möhkəmləndirir, qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır.
Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan hökumətlərinin yaşıl enerji sahəsində imzaladıqları strateji tərəfdaşlıq Sazişi yeni enerji layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Bu təşəbbüs Xəzər dənizinin böyük külək enerjisi potensialının Avropa bazarlarına daxil edilməsinə imkan verəcək. Enerji sahəsindəki bu yeni əməkdaşlıq Azərbaycanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmasına və qlobal enerji təhlükəsizliyinə töhfəsini artıracaq. Bu, həm də geostrateji baxımdan önəmli addımlardır və Avropanın enerji bazarını daha müxtəlif və dayanıqlı etmək məqsədini güdür.
Neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. “MOL” şirkətlər qrupu “Azəri-Çıraq-Günəşli” yatağında 9.57 faiz, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində isə 8.9 faiz paya sahibdir. 2023-cü il yanvarın 30-da Budapeştdə imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu” bu istiqamətdə növbəti uğurlar üçün zəmin yaradıb.
2023-cü il iyunun 2-də Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “MVM” şirkətlər qrupu arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. 2024-cü il iyunun 5-də “MVM” şirkətlər qrupu ilə “Şahdəniz” layihəsində pay alışı, sentyabrın 20-də isə “MOL” şirkətlər qrupu ilə Şamaxı-Qobustan sahəsində kəşfiyyat, işlənmə və hasilatla bağlı sənədlər imzalanıb.
2023-cü il iyulun 10-da “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Macarıstanın “Hell Energy” şirkəti arasında Birgə İştirak Müqaviləsi, iyulun 31-də isə “Scandens Pharmaceutical Industries Ltd” MMC ilə “Gedeon Richter” şirkəti arasında Azərbaycanda dərman vasitələrinin birgə istehsalı haqqında Müqavilə imzalanıb.
2025-ci il aprelin 24-də “Azərkosmos” ilə “4iG Space and Defence Ltd.” şirkəti arasında anlaşma memorandumu imzalanıb. Həmçinin 2022-ci ilin yanvar ayında Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.
Kənd təsərrüfatı sahəsində 2023-cü və 2024-cü illərdə Azərbaycanın və Macarıstanın kənd təsərrüfatı nazirlərinin qarşılıqlı səfərləri həyata keçirilib.
Hərbi və müdafiə sənayesi sahəsində ikitərəfli əlaqələrin inkişafı da əhəmiyyət kəsb edir. 2023-cü və 2024-cü illərdə Azərbaycanın və Macarıstanın müdafiə nazirləri qarşılıqlı səfərləri həyata keçirilib.
2023-cü il üçün Şuşa şəhərinin “Türk Dünyasının Mədəniyyət Paytaxtı”, Vesprem şəhərinin isə “Avropanın Mədəniyyət Paytaxtı” elan olunması ilə əlaqədar həmin il yanvarın 30-da “Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin yaradılması və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanması mədəni əlaqələrimizdə yeni səhifə açıb.
Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində hər il azərbaycanlı tələbələrə 200 təqaüd ayrılır. Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində macar tələbələrə də təhsil təqaüdləri ayrılır. Hazırda Macarıstanda 700-ə qədər azərbaycanlı tələbə təhsil alır.
2023-cü il oktyabrın 19-da Macarıstanın Lakitelek şəhərində yerləşən Hunqarikum parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin büstünün açılışı olub.
Azərbaycan Dillər Universitetində Macar dili və mədəniyyəti mərkəzi fəaliyyət göstərir. 2025-ci il mayın 19-da Macarıstanın aparıcı ali məktəblərindən biri olan Eötvöş Lorand Universitetində (ELTE) Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb.
2024-cü ilin fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışı zamanı söylədiyi “…ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri yeni dövrdə xarici siyasətimizin Yol xəritəsi rolunu oynayır.
Xatırlatmaq yerinə düşər ki, 2024-cü il iyulun 6-da Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə Görüşü təşkilatın funksionallığını yüksəltmişdir. Qarabağ Bəyannaməsinin qəbul edilməsi isə tarixi əhəmiyyət kəsb edir.
İki paytaxt arasında “Wizz Air” aviaşirkəti tərəfindən həyata keçirilən birbaşa müntəzəm uçuşlar turizm sahəsində əlaqələrin genişlənməsinə əsaslı töhfə verir.
Sonda bildirim ki, Azərbaycan-Macarıstan əlaqələri hər iki ölkənin strateji məqsədlərinə xidmət etməklə yanaşı beynəlxalq arenada yeni tərəfdaşlıq modellərinin yaranmasına səbəb ola bilər. Bu əməkdaşlıq yalnız iki ölkənin təhlükəsizliyində deyil, həm də geniş regional və qlobal kontekstdə, eyni zamanda, enerji məsələlərinin həllində əhəmiyyətli rol oynayır.
Mədinə Hüsiyeva