Azərbaycan və Qazaxıstan media subyektləri arasında Anlaşma Memorandumu imzalandı – FOTO
Azərbaycan və Qazaxıstan arasında media əlaqələri, bu sahədə olan əməkdaşlıq inkişaf etməkdədir. İki ölkənin media subyektləri arasında müxtəlif layihələr gerçəkləşdirilir.
Qazaxıstanın bir sıra media subyektlərinin rəhbərləri bu gün “TV1”-in qonağı olub.
“Atırau Akparat” Media Holdinqi, Qazaxıstan Dövlət Telekanalının Atırau filialı və “Caspian News” telekanalı ilə “TV1” kanalı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.
Memorandumu “Atırau Akparat” Media Holdinqinin baş direktoru Nurbolat Eleusinov, Qazaxıstan Dövlət Telekanalının Atırau filialının direktoru Talqat Utequlov, “Caspian News” telekanalının direktoru Kazbek Kertaev və “TV1” kanalının baş redaktoru Mədinə Hüsiyeva imzalayıblar.
Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində iki ölkənin media subyektləri arasında təcrübə mübadiləsi aparılacaq, bir sıra ortaq layihələr reallaşdırılacaq, eləcə də Azərbaycan tamaşaçıları Qazaxıstanla bağlı, eyni zamanda Qazaxıstan tamaşaçıları isə ölkəmizlə bağlı çoxsaylı verilişləri izləmək və məlumat almaq fürsəti əldə edəcəklər. Bu memorandum iki qardaş xalq arasında televiziya sahəsində uzunmüddətli əməkdaşlığı özündə ehtiva edir.