Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı - Yüksələn vektor

media-ads_728_90

Faiq Hüsiyev – Əməkdar jurnalist

Bu gün yaşadığımız dünyada mürəkkəb geosiyasi vəziyyətin mövcud olması hamıya bəllidir. Bir yandan da iqlim dəyişmələri, planetar miqyasda sabitliyin qorunması kimi qlobal çağırışlar dövlətləri beynəlxalq miqyasda çoxtərəfli dialoq qurmağa vadar edir. Məqsəd dövlətlər arasında etimadın möhkəmləndirilməsi, siyasət, ticarət, enerji, nəqliyyat, mədəniyyət və ətraf mühit daxil olmaqla – müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi, regionda sabitliyin və təhlükəsizliyin qorunmasıdır.

Beynəlxalq arenada yeni əməkdaşlıq düzəninin qurulması baxımından ərazi və əhali sayına görə dünyanın ən böyük regional təsisatı olan Şanxay Əməkdaşlıq Təşkilatının rolu artmaqdadır. Avrasiya ərazisinin 60%-ni, dünya əhalisinin 40%-ni, dünya üzrə ümumi məhsulun isə 25%-ni özündə birləşdirən təşkilat regionda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın əsas platformalarından biri sayılır.

2026-cı ildə yaradılmasının 25-ci ildönümünü qeyd edən ŞƏT bu gün 10 tamhüquqlu üzvü birləşdirir. 2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanın iştirakı ilə Şanxayda təsis edilən təşkilata sonradan Pakistan, Hindistan, İran və Belarus da qoşulub. Bundan başqa, hazırda qurumun 2 müşahidəçi üzvü, həmçinin Azərbaycan və Türkiyə də daxil olmaqla, 15 dialoq tərəfdaşı var. Daha bir neçə ölkə dialoq tərəfdaşı statusu almaq üçün müraciət edib.

Bu gün qlobal iqtisadi fəallığın getdikcə daha çox Asiyaya yönəldiyi bəllidir. Avrasiya regionunda konkret ölkənin coğrafi mövqeyi, regional proseslərə təsir imkanları və nəqliyyat-kommunikasiya xətləri üzərində yerləşməsi onun strateji əhəmiyyətini müəyyən edir. Azərbaycan məhz belə strateji mövqeyə malik dövlətlərdəndir. Ölkəmizin Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropa arasında mühüm bağlantı rolunu oynaması və son illərdə beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi göz önündədir. Bu prosesdə Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara əsaslanan xarici siyasət mühüm rol oynayır. Azərbaycanın müxtəlif güc mərkəzləri ilə qarşılıqlı faydalı əməkdaşlıq qurması, həm də bizim müstəqil siyasətimizin göstəricisidir. 

Azərbaycanın Asiyanın aparıcı dövlətləri ilə hərtərəfli əlaqələri əhəmiyyətli dərəcədə genişlənib. Bu proses ölkəmizin Avrasiya məkanında etibarlı tərəfdaş kimi mövqeyini artırıb. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Azərbaycanın diqqət yetirdiyi mühüm beynəlxalq platformalardan biridir. Azərbaycanın son illər ŞƏT ilə əlaqələri genişlənir. Respublikamıza dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib və mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti 2022-ci ildə Səmərqənddə, 2024-cü ildə Astanada və 2025-ci ildə Çinin Tiencin şəhərində Zirvə toplantısında iştirak edib.

Şanxay Əməkdaşlıq Təşkilatının hüquqi əsasını 2002-ci ildə imzalanmış Xartiya təşkil edir. Sənəddə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, gücdən istifadə etməmək və fikir ayrılıqlarını sülh yolu ilə həll etmək kimi prinsiplər təsbit olunub. Xartiya üzv dövlətlərin bərabərliyini və digər dövlətlərə və beynəlxalq təşkilatlara qarşı yönəlmədiyini də müəyyən edir. Bu yanaşma təşkilatın mühüm xüsusiyyətini ortaya qoyur. Şanxay Əməkdaşlıq Təşkilatı vahid siyasi və ya hərbi blok deyil. Onun daxilində fərqli siyasi sistemlərə, xarici siyasət prioritetlərinə və iqtisadi maraqlara malik dövlətlər təmsil olunur. Buna baxmayaraq, həmin dövlətlər ortaq maraq kəsb edən məsələlər üzrə eyni platformada əməkdaşlıq edirlər.

Təşkilatın hüquqi bazasının 25-dən çox saziş və digər normativ sənədi əhatə etməsi, fəaliyyətinin isə təhlükəsizliklə məhdudlaşmaması ŞƏT-in geniş institusional əməkdaşlıq sisteminə çevrildiyini göstərir. Terrorizm, separatizm, ekstremizm, narkotik və silahların qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıqla mübarizə ilə yanaşı, iqtisadi və investisiya əməkdaşlığı, nəqliyyat və kommunikasiya infrastrukturu, tranzit imkanları və enerji sistemlərinin inkişafı da təşkilatın gündəliyində yer alır.

ŞƏT-in 2035-ci ilədək İnkişaf Strategiyası təşkilatın gələcək istiqamətlərini də müəyyənləşdirir. Sənəddə təhlükəsizliklə yanaşı, ticarət, iqtisadiyyat və investisiya əməkdaşlığının genişləndirilməsi, elm və texnologiya, səhiyyə, ətraf mühit və təhsil sahələrində əlaqələrin inkişafı prioritet kimi göstərilir.

Təşkilat məkanında Çin və Hindistan kimi dünyanın ən böyük əhali və istehlak mərkəzləri yerləşir. Rusiya, Pakistan və İran da böyük əhali və geniş daxili bazarlara malikdir.

Çinin təxminən 19,5 trilyon dollarlıq, Hindistanın 3,96 trilyon dollarlıq, Rusiyanın isə 2,56 trilyon dollarlıq nominal ÜDM-i ŞƏT məkanının iqtisadi miqyasını aydın göstərir.

Mərkəzi Asiya respublikalarının iqtisadiyyatlarının sürətli inkişafı da bura əlavə etmək lazımdır.

Bizim üçün bu məkan həm mövcud ticarət əlaqələri, investisiya, sənaye və enerji imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Müasir dünyada enerji ehtiyatlarının mövcudluğu qədər onların təhlükəsiz, sabit və şaxələndirilmiş marşrutlarla istehlak bazarlarına çatdırılması da strateji əhəmiyyət daşıyır. Azərbaycan enerjinin istehsal olunduğu bölgələrlə istehlak bazarları arasında bağlantı yaradan mühüm dövlətlərdən biridir. Cənub Qaz Dəhlizi bunun ən aydın nümunəsidir. Təxminən 3500 kilometr uzunluğunda olan bu enerji sistemi Azərbaycan qazını Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırır. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi layihələr Azərbaycanın enerji infrastrukturunun müxtəlif regionları birləşdirmək imkanlarını göstərir. 

Reallaşan Zəngəzur dəhlizi isə bu bağlantı imkanlarını daha da genişləndirə bilər. Xüsusi coğrafi mövqeyə malik ölkəmiz Şərqdən Qərbə, Şimaldan Cənuba uzanan əsas quru nəqliyyat istiqamətlərinin üzərində yerləşir. Xəzər hövzəsi və Qərb bazarları arasında əlaqələrin genişlənməsi yeni logistika imkanlarını ön plana çıxarır. Bakı Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi müxtəlif istiqamətlər üzrə bağlantılar yaradır. Məhz burada bir tərəfdə Çin və Mərkəzi Asiyanın nəhəng istehsal və istehlak bazarları, qarşı tərəfdə Avropa var. Digər istiqamətlərdə Rusiya, İran və Hindistan yerləşir. Bu geoiqtisadi xətlərin kəsişməsində Azərbaycan ŞƏT məkanı ilə Qərb arasında mühüm bağlantı rolunu oynaya bilər.

Ölkəmizin çoxtərəfli diplomatiya təcrübəsi də bu mövqeyi tamamlayır. Azərbaycanın Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi, COP29-a və Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi, D-8-ə üzvlüyü, 2026-cı ildə İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə Zirvə toplantısının keçirilməsi Azərbaycanın müxtəlif regional və beynəlxalq platformalarda fəal rolunu göstərir.

Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun və Orta Dəhlizin inkişafı Azərbaycanın Mərkəzi Asiya və Çin istiqamətindən Avropaya çıxışın təmin edilməsində mühüm tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Mərkəzi Asiya ölkələri, Çin və digər ŞƏT üzvləri ilə ikitərəfli əlaqələrin genişlənməsi isə bu çoxtərəfli əməkdaşlığın siyasi və iqtisadi əsaslarını daha da gücləndirir.

Son illərdə Azərbaycan-Şanxay Əməkdaşlıq Təşkilatı münasibətlərində siyasi dinamika əhəmiyyətli dərəcədə artıb. Bu prosesdə Çin amili xüsusi əhəmiyyət daşıyır. 2024-cü il iyulun 3-də Astanada Azərbaycan və Çin arasında imzalanmış “Strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də Çin Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlığının gücləndirilməsi səylərini alqışlayıb və ölkəmizin təşkilatda hüquqi statusunun yüksəldilməsini dəstəklədiyini bildirib.

Azərbaycan-Çin münasibətlərinin son illərdə yeni səviyyəyə yüksəlməsi də təşkilat çərçivəsində əməkdaşlığın praktiki məzmununu gücləndirən amillərdəndir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 31-də Tiencində keçirilən “ŞƏT plyus” formatında görüşdə iştirakı da bu baxımdan xüsusi əhəmiyyət daşıyıb. Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməsi, Çində “Azərbaycan Ticarət Evi”nin fəaliyyət göstərməsi, ticarət, investisiya və logistika sahələrində əlaqələrin genişlənməsi iki ölkə arasında əməkdaşlığın iqtisadi əsaslarını möhkəmləndirir. Ölkələrimiz arasında viza rejiminin ləğvi isə xüsusilə təqdirəlayiq haldır.

Humanitar əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Mədəniyyət, təhsil, elm, səhiyyə, turizm, sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlıq sahələrində əlaqələr tərəfdaşlığın yalnız siyasi və iqtisadi maraqlara söykənmədiyini göstərir.

Azərbaycan-ŞƏT əməkdaşlığının humanitar və mədəni ölçüsünün diqqətçəkən nümunələrindən biri də Nizami Gəncəvinin irsinin təşkilat məkanında təbliğidir. 2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə şairin 880 illik yubileyi münasibətilə onun büstü Pekindəki ŞƏT qərargahında ucaldılıb. Bununla Nizami Gəncəvinin irsi ŞƏT məkanında Azərbaycan mədəniyyətinin mühüm simvollarından biri kimi təqdim olunub.

2026-cı ildə ŞƏT-in yaradılmasının 25-ci ildönümünün qeyd olunması təşkilatın inkişafında yeni mərhələyə diqqəti artırıb. Qırğızıstanın sədrliyi dövründə “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və rifah naminə birlikdə” şüarının müəyyənləşdirilməsi, yubiley tədbirlərinin və Zirvə toplantısının Bişkekdə keçirilməsi təşkilatın gələcək gündəliyinin aktuallığını göstərir.

Digər tərəfdən də Azərbaycan-Qırğızıstan münasibətlərinin cari il iyulun 31-də imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə ilə yeni mərhələyə yüksəlməsi, ölkələrimiz arasında əməkdaşlığın möhkəm institusional əsaslara malik olduğunu göstərir. Qırğızıstanın ŞƏT-ə sədrliyi fonunda bu münasibətlərin yüksək səviyyəsi Azərbaycanın təşkilatla əlaqələri üçün əlavə siyasi və iqtisadi imkanlar yaradır.

Həmçinin Türk dünyası və İslam ölkələri ilə əməkdaşlığın dərinləşdirilməsi ölkəmizin müxtəlif regional platformalar arasında əlaqələndirici rolunu gücləndirir. Cənubi Qafqazda yeni sülh reallıqlarının formalaşması isə bu imkanlara nəqliyyat və iqtisadi bağlantılar baxımından əlavə məzmun qazandırır.

Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün yeni perspektivlər açır. Sülh gündəliyinin möhkəmlənməsi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat bağlantılarının genişlənməsinə, regional logistikanın inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə əlverişli şərait yaradır.

2025-ci ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi təqribən 49 milyard dollar təşkil edib. Ticarətdə Rusiya 10 faiz, Çin 9,9 faiz, Özbəkistan 1,6 faiz, Qazaxıstan 1,4 faiz, İran isə 1,3 faiz paya malik olub. Bu göstəricilər ŞƏT üzvlərinin Azərbaycan üçün artıq real və əhəmiyyətli iqtisadi tərəfdaşlara çevrildiyini göstərir.

Əlaqələrin genişləndirilməsi yalnız ticarətlə məhdudlaşmır, həmçinin nəqliyyat və logistika, investisiya, sənaye, energetika və qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsi baxımından böyük imkanlar yaradır. Bu baxımdan Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafı, Mərkəzi Asiya ölkələri ilə artan iqtisadi əməkdaşlıq və Çinlə strateji tərəfdaşlığın dərinləşməsi daha geniş regional bağlantının ayrı-ayrı elementləri kimi çıxış edir.

Prezident İlham Əliyevin ölkəmizin yerləşdiyi coğrafi mövqeyindən və iqtisadi imkanlarından səmərəli istifadə olunmaqla, beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin yaradılması istiqamətində qəbul etdiyi düşünülmüş qərarlar bu gün öz bəhrəsini verməkdədir.

Avrasiyada yeni, alternativ dəhlizlərin yaradılması öz töhfəsini verir. Azərbaycanın tranzit ölkə kimi beynəlxalq yükdaşımalardakı mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində sürətlə inkişaf edərək regional gücə çevrilən, tarixi Zəfərdən sonra yeni reallıqlar yaradan Azərbaycan bu gün Şanxay Əməkdaşlıq Təşkilatı üçün böyük önəm daşıyır.

Beləliklə, fəal çoxtərəfli xarici siyasət yürütməsi, beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınması, coğrafi mövqeyi, iqtisadi potensialı, nəqliyyat-logistika infrastrukturu Azərbaycanı Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu qurum üçün vacib tərəfdaşa çevirib.

Prezident İlham Əliyevin son illər ŞƏT-in sammitlərində müntəzəm iştirakı Azərbaycanın artan nüfuzunun bariz nümunəsidir. Respublikamız bu təşkilata bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verən bir mexanizm kimi baxır. Rəsmi Bakı, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına əməkdaşlıq platforması kimi baxmaqla yanaşı, üzv dövlətlərlə uğurlu ikitərəfli münasibətləri inkişaf etdirməyi xarici siyasətinin prioritetlərindən biri hesab edir.

media-ads_728_90
Paylaş