Azərbaycanın AQEM-ə sədrliyi əhalisinin inkişafına müsbət təsir göstərməyə yönəlib - XİN
“Azərbaycanın sədrliyi daha güclü Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) vasitəsilə dövlətlərimizin və onların əhalisinin təhlükəsizliyinə, inkişafına və rifahına müsbət təsir göstərməyə yönəlib”.
“TV1” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Nazirlər Şurasının 7-ci iclasında çıxışı zamanı deyib.
“Birgə işləmək, innovasiyaları mənimsəmək və davamlı inkişafa kollektiv öhdəliyimizi gücləndirməklə, biz regionumuz və dünya üçün daha parlaq gələcək formalaşdıra bilərik. Azərbaycan AQEM-in bu transformativ prosesinə rəhbərlik etməyə hazırdır və biz sülhsevər, firavan və bir-biri ilə sıx əlaqəli Asiya haqqında ümumi baxışımıza nail olmaq üçün bütün üzv dövlətlərlə davamlı əməkdaşlığımıza inanırıq. Mən bir daha bütün üzv dövlətlərə etimada görə təşəkkür edirəm və sədrliyimiz boyu səmərəli qarşılıqlı fəaliyyətə ümid edirəm”, – deyə C.Bayramov əlavə edib.