Azərbaycanın su təhlükəsizliyinin təmin edilməsi üçün yeni hədəflər
Yanvarın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə dövlət rəhbərliyinin su problemlərinə strateji yanaşmasını nümayiş etdirir. Müşavirədən dərhal sonra “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi su idarəçiliyində sürətli irəliləyişlərə zəmin yaradır. Ölkədə su təsərrüfatı modernləşdirilir. Bu diqqət Azərbaycanın su təhlükəsizliyini tam təmin etmək hədəfini əks etdirir və qlobal standartlara uyğunlaşdırır. Bakı və Abşeron yarımadasında su təchizatını köklü şəkildə təkmilləşdirərək, əhaliyə fasiləsiz, keyfiyyətli içməli su təmin edəcək və su itkilərini minimuma endirəcək strateji sənədin verəcəyi töhfə ilə bağlı bir şox məqamları xüsusi qeyd etmək önəmlidir. Dəniz suyunun duzsuzlaşdırılması zavodunun inşası, Xəzər dənizindən alternativ mənbə kimi istifadə edilməsi istiqamətində atılan addımlar ölkə rəhbərliyinin bu sahədəki uzunmüddətli və uzaqgörən siyasətinin bariz nümunəsidir. Dövlətin bu prioritet yanaşması təkcə mövcud problemlərin həllini deyil, həm də gələcək nəsillərin dayanıqlı su təminatını və ekoloji tarazlığın qorunmasını hədəfləyir.
“Elektron su təsərrüfatı”na keçid
İqlim dəyişmələrinin təsirlərinin artdığı, su ehtiyatlarının azalması risklərinin aktuallaşdığı bir dövrdə bu sahədə çevik və koordinasiyalı qərarların qəbulu zəruridir. Bu zərurətdən irəli gələrək dövlət səviyyəsində bir sıra mühüm addımlar atılıb. 2020-ci il aprelin 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə su ehtiyatlarının səmərəli istifadəsinin təmin edilməsi və su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə Dövlət Su Komissiyası yaradılıb. Dövlət başçısının 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə isə 2020–2022-ci illər üçün su obyektlərinin monitorinqinin aparılması, nəzarətsiz su götürmələrin qarşısının alınması, uçot sisteminin qurulması, su itkilərinin azaldılması və digər prioritet istiqamətlər üzrə tədbirlər təsdiq edilib. Su balansının elektron uçotunun aparılması, su obyektlərində və subartezian quyularında suyun götürülməsi və səviyyəsinin real vaxt rejimində izlənməsi məqsədilə “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb.
İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılan yeni layihələr
İşğaldan azad edilmiş ərazilərdə böyük su infrastrukturu layihələri 2022-ci ildə aktiv mərhələyə keçib. İlin əvvəlində Tərtər rayonunun “Suqovuşan” su anbarının və Ağdam rayonunun “Xaçınçay” su anbarının bərpasına, Füzuli rayonu ərazisindəki üç “Köndələnçay” su təmirinə başlamaq üçün vəsait ayrılıb. Həmçinin Tərtərçay Sol Sahil kanalı üzrə yenidənqurma işlərinə start verilib. Bununla yanaşı, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında meliorasiya və su təsərrüfatı infrastrukturunun tam bərpası üzrə texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır.
Su sektorunda vahid idarəetmənin qurulması
Su sektorunda parçalanmış idarəetmənin aradan qaldırılması məqsədilə vahid icra orqanə – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Laçın rayonunda “Zabuxçay” su anbarının inşası sürətlə aparılaraq sınaq rejimində su yığımı həyata keçirilib, 2023-cü ilin sonunda anbarda su toplanıb. Paralel olaraq, “Həkəriçay” və “Yengicəçay” su anbarlarının tikintisi davam etdirilib. “Bərgüşadçay” və “Zəyəmçay” su anbarları üzrə isə texniki-iqtisadi əsaslandırılma və layihələndirmə işləri 2023-cü ildə yekunlaşdırılıb, tikintiyə başlamaq üçün hazırlıq aparılıb. Şirvan, Salyan, Yevlax, Gəncə, Mingəçevir, Şəki, Balakən, Astara, Lənkəran və digər şəhərlərdə, ümumilikdə, 65 kilometr yeni içməli su xətləri çəkilib, minlərlə abonentə yeni su sayğacları quraşdırılıb. İçməli su üzrə “AZS 929:2023” standartı qəbul edilib.Kür, Araz, Samur və digər istiqamətlər üzrə su diplomatiyası və məlumat mübadiləsi tədbirləri həyata keçirilib.
Sayğaclaşma genişlənir, itkilər minimuma endirilir
Ölkə üzrə içməli su təchizatında sayğaclaşma səviyyəsi 93 faizə çatdırılıb. Bu, son iki ildə 40 minə yaxın köhnə mexaniki sayğacın yeni elektron smart sayğaclarla əvəz edilməsi sayəsində mümkün olub.
Azərbaycan regionda su resurslarını ən səmərəli idarə edən dövlətlərdən birinə çevrilir
Son illərdə həyata keçirilən ardıcıl institusional islahatlar, genişmiqyaslı infrastruktur layihələri və rəqəmsal idarəetmə mexanizmlərinin tətbiqi ölkədə su ehtiyatlarının idarə olunmasını keyfiyyətcə yeni mərhələyə yüksəldib. İqlim dəyişikliklərinin yaratdığı çağırışlar fonunda su təhlükəsizliyinin təmin edilməsi artıq yalnız texniki məsələ deyil, milli təhlükəsizlik və dayanıqlı inkişafın əsas komponentlərindən biri kimi ön plana çıxıb. Bu sahədə qəbul edilən Milli Strategiya su resurslarının həm daxili, həm də transsərhəd səviyyədə mühafizəsi üçün yol xəritəsi rolunu oynayır. Rəqəmsallaşma sayəsində tətbiq edilən SCADA və “Elektron su təsərrüfatı” sistemləri real vaxt rejimində monitorinq aparmağa və itkiləri minimuma endirməyə imkan verir. Dövlət səviyyəsində göstərilən bu xüsusi diqqət həm kənd təsərrüfatının rəqabət qabiliyyətini artırır, həm də əhalinin içməli su təminatını iqlim risklərindən sığortalayır. Beləliklə, innovativ yanaşmalar və sistemli layihələr Azərbaycanı regionun su resurslarını ən səmərəli idarə edən dövlətlərindən birinə çevirməkdədir.
Əhalinin suya qənaətlə yanaşması vacibdir. Çünki Azərbaycanda su resurslarının 70%-dən çoxu kənd təsərrüfatı suvarmasında istifadə olunur. Qənaətli istifadə su qıtlığını azaldır və gələcək nəsillər üçün resursları qoruyur. Proqramın icrası nəticəsində 28-30 yeni su anbarı tikiləcək. Bu, su ehtiyatlarının səmərəli idarə olunmasını təmin edərək, quraqlıq dövründə su çatışmazlığını aradan qaldıracaq, əhalinin gündəlik həyatını asanlaşdıracaq və Azərbaycanı regionda su təhlükəsizliyi nümunəsi edəcək.Bu anbarlar həm içməli su, həm də suvarma ehtiyaclarını qarşılayacaq.
Su itkilərininin azaldılması
Prezidentin bu sahəyə xüsusi diqqəti əhalinin içməli su təminatını 82%-ə çatdırıb və gələcək hədəfləri müəyyənləşdirir. Bu addım Azərbaycanı regionda su təhlükəsizliyi nümunəsi edəcək. Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması proqramın prioritetlərindən biridir, bu da tullantı və yağış sularının idarəsini gücləndirərək, dəniz ekosistemini qoruyacaq və turizmin inkişafına imkan yaradacaq. Proqram iki mərhələdə (2026-2030 və 2031-2035) həyata keçiriləcək, su və kanalizasiya infrastrukturu tam yenilənəcək, fasiləsiz su təminatı səviyyəsi 95%-ə çatdırılacaq ki, bu da əhalinin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək və Azərbaycanı beynəlxalq standartlara uyğunlaşdıracaq.








