Azərbaycanın üç boksçusu beynəlxalq turnirdə finala yüksəlib
Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib.
“TV1” xəbər verir ki, Boks Federasiyasından bildirilib ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısının hər biri qələbə qazanaraq finala vəsiqə əldə edib.
50 kiloqram çəkidə Tural Sarıyev Peter Lakatosla (Macarıstan) qarşılaşıb. O, rəqibini 5:0 (30:27, 29:28, 30:27, 30:25, 30:26) hesabı ilə məğlub edib. Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan) üz-üzə gələcək.
Məhəmmədəli Qasımzadə (60 kiloqram) Aksel Eqartdan (Uels) güclü olub. Boksçumuz 4:1 (29:28, 29:28, 29:28, 28:29, 39:27) hesabı ilə qələbə qazanıb. O, finalda Kruzito Kovaçsla (Macarıstan) döyüşəcək.
Əli Abdullayev (65 kiloqram) isə yarımfinalda Erik Suçiyə (Çexiya) qalib gəlib – 5:0 (29:28, 30:27, 30:26, 30:27, 30:27). Boksçumuz qızıl medal uğrunda Milan Petrimanla (Macarıstan) qüvvəsini sınayacaq.
Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.