media-1200x100

Bakı Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalına ev sahibliyi edəcək

media-ads_728_90

ADA Universiteti və “ICPC Foundation” arasındakı müzakirələrin nəticəsi olaraq Universitetin ev sahibliyi və Azərbaycan Respublikası Mərkəzi Bankının tərəfdaşlığı ilə Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (“ICPC”) 49-cu Dünya Finalının Bakıda keçirilməsi barədə razılıq əldə edilib.

“TV1” xəbər verir ki, bu barədə ADA Universitetindən məlumat verilib.

Dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə avqustun 31-dən sentyabrın 5-dək “ICPC Azərbaycan” icması ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutacaq.

“ICPC” Dünya Finalı Azərbaycanın rəqəmsallaşma və innovasiya sahəsində qlobal nüfuzunun artırılmasına və beləliklə də, beynəlxalq səviyyədə rəqəmsal transformasiyanın aparıcı qüvvələrindən birinə çevrilməsinə imkan yaradacaq.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən aparıcı universitetlərin ən güclü komandaları iştirak edəcək. Ümumilikdə, “ICPC”nin rəsmi mərhələlərində hər il 110-dan çox ölkədən, 3500-yə yaxın universiteti təmsil edən 70000-dən artıq ən güclü tələbə-proqramçı iştirak edir. Dünya finalında isə 50-dən artıq müxtəlif ölkədən 140-a yaxın ali təhsil müəssisəsini təmsil edən komandaların (hər komandada 3 tələbə) iştirakı nəzərdə tutulur.

Azərbaycan universitetlərini təmsil edən komandalar 2005-ci ildən etibarən “ICPC”nin regional turlarında iştirak edərək müsabiqənin ölkədə təbliği, proqramlaşdırma sahəsinin inkişafı və gənclərin bu sahəyə cəlb olunması istiqamətində genişmiqyaslı işlər görüblər. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilmiş “ICPC” finalında uğurla çıxış edib.

Qeyd edək ki, “ICPC” 1970-ci ildə ABŞ-da yaradılıb. 1977-ci ildən etibarən beynəlxalq səviyyədə keçirilən yarış tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşüncələrini və komanda işini inkişaf etdirməyə yönəlib.

media-ads_728_90
Paylaş