Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilib
Bakıda “Fərqliliyin rəngi” festivalı keçirilib.
“TV1” xəbər verir ki, tədbirdə 33 dini icma və təşkilatlar – Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digərləri iştirak ediblər.
Bildirilib ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub.
Eyni zamanda, tədbir Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.
“Fərqliliyin rəngi” festivalında müxtəlif dini icmaların mədəniyyətini və adət-ənənələrini əks etdirən bədii hissə nümayiş olunub.
Bədii hissədə İlahiyyat İnstitutunun tələbələri, xalq artisti Alim Qasımov və Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri müxtəlif rəqs və musiqi kompozisiyaları ilə çıxış ediblər.
Rəsmi və bədii hissədən sonra festivalda dini icma nümayəndələrinin birgə dua mərasimi olub.
Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Qeyd edək ki, festival Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və “Global Media Group”un media tərəfdaşlığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilib.








