Bakıda görkəmli rus bəstəkarı Alfred Qarriyeviç Şnitkenin 90 illik yubileyinə həsr olunmuş konsert və sərgi keçirilib - VİDEO
Bakıda Rus evində görkəmli sovet və rus bəstəkarı, musiqişünas və pedaqoq Alfred Qarriyeviç Şnitkenin 90 illik yubileyinə həsr olunmuş “Alfred Şnitkenin səs labirintləri”adlı konsert və sərgi keçirilib.
“TV” xəbər verir ki, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzindən bildirilib ki, tədbir Bakıdakı Rus evi, Rusiya Milli Musiqi Muzeyi, A.Şnitke adına Moskva Dövlət Musiqi İnstitutu və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Rusiya Milli Musiqi Muzeyinin direktoru Mixail Brızqalov nadir kolleksiyaları dünyanın ən yaxşı məkanlarında nümayiş etdirilən muzeyin çoxşaxəli fəaliyyətindən, həmçinin A.Şnitkenin yaradıcılığına həsr olunmuş silsilə tədbirlərdən bəhs edib.
Tədbirə gələn qonaqlar görkəmli musiqiçinin 90 illik yubileyi üçün Rusiya Milli Musiqi Muzeyi tərəfindən xüsusi olaraq Rus evinin dəstəyi ilə hazırlanmış sərginin eksponatları ilə tanış olublar. Eksponatlar arasında Şnitkenin musiqi əlyazmaları, şəxsi əşyaları, arxiv fotoşəkilləri, həmçinin məşhur filmlərdən “Çar Pyotrun ərəbi necə evləndirdiyi haqqında nağıl”, “Ekipaj”, “Səyahətlər nağılı”, “Kiçik faciələr”, “Aqoniya” və s kadrlar yer alır.
Konsert proqramı tədbirə gələnlərə Alfred Şnitkenin əsərlərinin Bakı premyerasını təqdim edib.
Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Yuliya Heydərovanın ifasında Alfred Şnitkenin parlaq və rəngarəng üslublu əsərləri, eləcə də görkəmli Azərbaycan bəstəkarı Fərəc Qarayevin musiqisi səsləndirilib.
Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Səbinə Quliyeva, Bakı Musiqi Akademiyasının dosenti Nərgiz Salmanlı, Bakı Musiqi Akademiyasının müəllimi Nərgiz Kəngərli, eləcə də Kristina Əfəndiyevanın rəhbərliyi ilə Bakıdakı Müqəddəs Mikayıl Arxangel kilsəsinin xoru da konsertdə çıxış ediblər.
Daha ətraflı videosüjetdə:
Leyla Şirinova, İlkanə Vaqifqızı