Bakıda Macarıstanın Respublika Günü qeyd olunub - FOTO
Bakıda Macarıstanın milli bayramı – Müstəqillik Günü qeyd edilib.
‘’TV1’’ xəbər verir ki, Macarıstan səfirliyi tərəfindən təşkil olunan mərasimdə hökümət üzvləri, deputatlar, ictimiyyət nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma çıxışında ölkəsinin keçdiyi azadlıq yolundan söz açıb. O, 23 oktyabrın hər il macarların azadlıq günü kimi qeyd edildiyini vurğulayıb. O bildirib ki, 1956-cı il hadisələri Macarıstanın milli yaddaşında mühüm yer tutur və həmin mübarizənin əsas mesajı azadlığın, insan ləyaqətinin və suverenliyin qorunmasıdır.
Səfir Azərbaycanla Macarıstanın tarixlərinin fərqli olmasına baxmayaraq, hər iki xalqın xarici hökmranlığın çətinliklərini yaşadığını və öz gələcəyini müstəqil müəyyənləşdirmək əzmini yaxşı anladığını vurğulayıb. Diplomat Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra beynəlxalq aləmdə fəal rol oynadığını, Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini və Şərqlə Qərb arasında mühüm nəqliyyat-kommunikasiya mövqeyinə malik olduğunu bildirib.
Tamaş Yojef Torma Azərbaycanla Macarıstan arasında münasibətlərin 2023-cü ildə genişləndirilmiş strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xatırladıb. O, iki ölkənin enerji sahəsində əməkdaşlığının genişləndiyini, Macarıstan şirkətlərinin Azərbaycanın neft-qaz sektorunda iştirak etdiyini və iqtisadiyyata investisiya yatırdığını qeyd edib.
Səfirin sözlərinə görə, əməkdaşlıq bərpaolunan enerji sahəsini də əhatə edir. Macarıstan Azərbaycan, Gürcüstan və Rumıniya ilə birlikdə Xəzər dənizindən Avropaya yaşıl enerjinin nəqlini nəzərdə tutan Yaşıl Enerji Dəhlizi layihəsində iştirak edir. Macarıstanın MVM şirkəti də Azərbaycanın Şəfəq Günəş Elektrik Stansiyası layihəsində iştirak edir. Diplomat iqtisadi əlaqələrin kənd təsərrüfatı, əczaçılıq və su təsərrüfatı kimi sahələrdə də inkişaf etdiyini bildirib. O, iki xalq arasında humanitar əlaqələrin əhəmiyyətinə də toxunub. Macarıstanda təhsil alan azərbaycanlı tələbələrin, eləcə də Bakı və Budapeştdə bir-birinin dilini öyrənən insanların ölkələr arasında dostluğun möhkəmlənməsinə töhfə verdiyini deyib. Səfir akademik, elmi və vətəndaş cəmiyyəti sahələrində əməkdaşlığın genişləndiyini, mədəni tədbirlərin qarşılıqlı maraq doğurduğunu da vurğulayıb.
Torma Macarıstanın Türk Dövlətləri Təşkilatında müşahidəçi statusuna malik olduğunu xatırladaraq, ölkəsinin Avropa kimliyi ilə türk xalqları ilə tarixi əlaqələrinin bir-birini tamamladığını bildirib.
Azərbaycan hökumətinin adından çıxış edən xarici işlər nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Nərgiz Qurbanova Macarıstan xalqını təbrik edərək sülh və əmin-amanlıq arzulayıb. O qeyd edib ki, iki ölkə arasında siyasi məsləhətləşmələrin keçirilməsi və Azərbaycan-Macarıstan strateji dialoqunun üçüncü raundunun təşkili siyasi dialoqun davamlı xarakter daşıdığını göstərir.
Nərgiz Qurbanova BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünün ikitərəfli münasibətlərin gələcək perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğulayıb. Diplomat enerji, nəqliyyat və tranzit əlaqələrini, eləcə də Xəzər dənizi-Qara dəniz-Avropa yaşıl enerji dəhlizi üzrə əməkdaşlığı perspektivli istiqamətlər kimi qeyd edib.
O, təhsil sahəsində əməkdaşlığın xalqların bir-birini daha yaxından tanımasına və yaxınlaşmasına töhfə verdiyini bildirib. Bu baxımdan Macarıstan hökumətinin azərbaycanlı tələbələr üçün təqdim etdiyi “Stipendium Hungaricum” təqaüd proqramının əhəmiyyətini vurğulayıb. Nərgiz Qurbanova Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyini qeyd edərək, iki ölkə arasında qarşılıqlı maraq və etimada əsaslanan münasibətlərin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə edib.








