Bakıda müşahidə olunan yağıntı son 59 ilin rekord göstəricisidir - RƏSMİ
“Bakıda sonuncu dəfə 1966-cı ildə rekord həddə yağıntı qeydə alınıb”.
“TV1” xəbər verir ki, bunu Milli Hidrometerologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mövcud vəziyyətlə əlaqədar jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakıda sonuncu dəfə 1966-cı ildə rekord həddə yağıntı qeydə alınıb:
“Artıq dünən gecədən başlayaraq ölkə ərazisində qeydə alınan yağıntılı hava şəraiti 15 saatdır davam edir və illik normanın 22 faizini təşkil edir. Bakıda hazırda yağıntının miqdarı 57 mm-dir, bu da aylıq normadan iki dəfə (217 faiz) çoxdur. Bununla yanaşı, Böyük və Kiçik Qafqazda da düşən yağıntı aylıq normadan iki-üç dəfə çoxdur. Nəticədə, 59 ildən sonra paytaxta yağan yağıntının miqdarında rekord qeydə alınıb”.
O, digər ölkələrdə də analoji hava şəraitinin tez-tez müşahidə edildiyini vurğulayıb:
“İqlim dəyişimlərini nəzərə alsaq, bu cür gözlənilməz yağıntı hallarının olması normaldır. Tək Azərbaycanda deyil, digər ölkələrdə də bu cür hadisələr tez-tez müşahidə olunur. Buna nümunə olaraq Rusiyanın cənubunu, Türkiyə və İspaniya kimi ölkələri də misal çəkə bilərik”.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti son 100 illik hidrometeoroloji statistik məlumatların təhlilinə əsaslanaraq, Bakıda və Abşeron yarımadasında ən güclü yağışın 1966-cı ilin aprelin 23-də müşahidə olunduğunu açıqlayıb. Həmin gün 73,3 mm yağıntı düşüb, bu da aylıq normanın 317 faizini təşkil edib.