BMT Baş Assambleyasında Fələstini rəsmən tanıyacağıq - Emmanuel Makron

media-ads_728_90

“Fransanın Fələstinin dövlət müstəqilliyinin tanınması ilə bağlı qərarını ABŞ dəstəkləmir”.

“TV1” xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Marko Rubio açıqlama verib.

O qeyd edib ki, ABŞ Fransa prezidenti Emmanuel Makronun Fələstinin dövlət müstəqilliyinin tanınması ilə bağlı BMT-yə təqdim etdiyi planını qəbul etmir: “Bu ağılsız qərar HAMAS-ın təbliğatına xidmət edəcək və bölgədə sülhə nail olmaq imkanlarını geriyə atacaq”.

O, həmçinin Parisin qərarını HAMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumunun qurbanlarının üzünə “şapalaq” adlandırıb.

Qeyd edək ki, E.Makron Fələstin dövlətini tanımaq niyyətindədir. ABŞ və İsrail isə bu qərara qəti şəkildə etiraz edir. Fransa prezidenti bildirib ki, biz Fələstin dövlətini qurmalı və onun yaşamasına zəmanət verməliyik.

Onun sözlərinə görə, yeni ölkə demilitarizasiya edilməli və “İsraili tam tanımağa” məcbur edilməlidir. Fransa prezidenti sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasında Fələstini rəsmən tanıyacağına söz verib.

İsrailin baş naziri Benyamin Netanyahu isə bu qərarı “terrorun mükafatı” adlandırıb: “Fələstinlilər İsrailin yanında dövlət deyil, İsrailin əvəzinə dövlət istəyirlər”.

Xatırladaq ki, Almaniya, ABŞ, Böyük Britaniya, İsrail və əksəriyyəti Qərb dövlətləri olmaqla 30-a yaxın ölkə Fələstin dövlətini tanımır. Rusiya və Çin də daxil olmaqla, 142 ölkə isə tanınmanın tərəfdarıdır.

media-ads_728_90
Paylaş