Bu gün Azərbaycanda Mülki Aviasiya Günü qeyd olunur
İyunun 2-i Azərbaycanda Mülki Aviasiya Günü kimi qeyd olunur. Bu il qurumun yaradılmasının 87-ci ilidir.
“TV1” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Mülki aviasiya işçilərinin peşə bayramının təsis edilməsi haqqında” 18 may 2006-cı il tarixli sərəncamına əsasən, hər il iyunun 2-si ölkədə rəsmi olaraq Mülki Aviasiya İşçiləri Günü kimi qeyd olunur.
Məhz bu gün, 1938-ci il iyunun 2-də Azərbaycanda ilk aviasiya dəstəsi yaradıldı və bu, respublikada mülki aviasiyanın inkişafının başlanğıcı oldu.
Qeyd edək ki, mayın 28-də Müstəqillik Günü işğaldan azad edilmiş ərazilərin bərpası çərçivəsində əlamətdar hadisə baş verib. Həmin gün Laçın Beynəlxalq Hava Limanının təntənəli açılışı olub. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr yüksəklikdə yerləşən hava limanı 4 ildən az müddətdə işğaldan azad edilmiş ərazilərdə tikilən üçüncü beynəlxalq hava limanı olub. Onun istifadəyə verilməsi ilə Azərbaycanda beynəlxalq hava limanlarının sayı 9-a çatıb.
“TV1” kanalının kollektivi mülki aviasiya işçilərini peşə bayramları münasibətilə təbrik edir!