“Doğma torpaq” filminin rejissoru "TV1"in qonağı olub - FOTO/VİDEO

media-ads_728_90

Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasının maliyyə dəstəyi ilə lentə alınmış “Doğma torpaq” tammetrajlı bədii filminin premyerası keçirilib.

“TV1” xəbər verir ki, tədbirdə mədəniyyət naziri Adil Kərimli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Ombudsman Səbinə Əliyeva, Milli Məclisin sədr müavini Rafael Hüseynov, digər rəsmilər, tanınmış elm və mədəniyyət xadimləri, kinosevərlər iştirak ediblər.

Nümayişdən öncə məlumat verilib ki, “Narimanfilm”də istehsal edilən film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə, Şuşada çəkilən ilk bədii ekran əsəridir. Filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi – indiki Ermənistan ərazisində, yəni tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və Ordumuzun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi işıqlandırılır.

Qeyd olunub ki, filmdə hadisələr Azərbaycanın müstəqilliyini yeni bərpa etdiyi tarixi-siyasi cəhətdən çətin və məsuliyyətli bir dövrdə, 1992-ci ildə cərəyan edir. Müstəqil Azərbaycan Qarabağda erməni separatçılarına qarşı mübarizə aparır. Jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Londondan Azərbaycana gəlir. Tale onu kəşfiyyatçı Emillə qarşılaşdırır. Onlar birlikdə çətin sınaqlardan keçirlər. Bu sınaqlar zamanı Miranda Qafqaz bəbiri və Azərbaycanın müasir tarixinin faciəli səhifələri haqqında çox şey öyrənir…

Sonra “Doğma torpaq” tammetrajlı bədii filmi nümayiş etdirilib. Tariximizin mürəkkəb, eyni zamanda qürurlu səhifələrinə işıq salan film tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılan filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat və prodüseri Nəriman Məmmədovdur. Kinolentin quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur.

Filmdə əsas obrazları aktyor Rüstəm Cəbrayılov və Alina Vorontsova (Rusiya) canlandırıblar. Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar.
Ekran əsərinin bir sıra ölkələrdə nümayişi və beynəlxalq festivallarda iştirakı nəzərdə tutulur.

Filmin ərsəyə gəlməsinə “PASHA Holding”, “United Alliance Group”, “Gazelli Group”, “AzMade Group”, CMS, “Azersun Holding” şirkətləri, “Caspian Energy Club” və İTV də dəstək göstərib.

“Doğma torpaq” filmi aprelin 24-dən kinoteatrlarda nümayiş etdiriləcək.

“TV1”in qonağı olan filmin ssenari müəllifi və rejissoru İlqar Safat ərsəyə gətirdiyi “Doğma torpaq” filmi ilə bağlı təəssüratlarını bölüşüb.

O bildirib ki, filmin çəkilişlərinə 2021-ci ildən başlanıb: “Filmin çəkilişləri beş il davam edib. Bu film millətimizin qan yaddaşına yazılmış Xocalı faciəsinə həsr olunub. Aprelin 24-də “Doğma torpaq” filmi Bakının bütün kinoteatrlarında nümayiş olunacaq. Hamınızı filmi izləməyə dəvət edirəm”.

media-ads_728_90
Paylaş