Dünya təhlükəli dönüş nöqtəsinə şahidlik edir

media-ads_728_90

İsrail və Amerika Birləşmiş Ştatları fevralın 28-də İrana hücum etməklə Yaxın Şərqi yeni bir hərbi qarşıdurmaya sürüklədilər. Region yenidən barıt çəlləyinə çevrildi. Lokal konflikt genişmiqyaslı müharibəyə keçməkdədir.

Bu hadisə regiondakı çoxsaylı Amerika hərbi bazaları şəbəkəsini bir daha bütün əməliyyatların, taktikaların və strategiyaların mərkəzinə çevirib. Dəniz limanlarından səhranın dərinliklərindəki nəhəng hava bazalarına qədər bu obyektlər Misirdən Mərkəzi Asiyaya qədər uzanan güc faktorunu təşkil edir. Dünyanın müxtəlif guşələrində 900 hərbi bazası olsa da ABŞ üçün Yaxın Şərq bölgəsi böyük əhəmiyyət kəsb edir. Məhz bu regionda silahlı qüvvələri təmsil edən 40 min nəfərə və 19 iri hərbi obyektə malik olan ABŞ komandanlığı özünü çox təhlükəsiz hiss edir.

Qətərdə, paytaxt Dohadan kənarda səhrada yerləşən 24 hektarlıq Əl-Udeyd Hərbi Hava Bazası ABŞ Mərkəzi Komandanlığının irəli komanda mərkəzi kimi fəaliyyət göstərir. Bu, Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazasıdır, burada təxminən 10 min hərbi qulluqçu yerləşir. Bu baza Misir sərhədindən üzü Qazaxıstana qədər uzanan geniş ərazidə hərbi əməliyyatların əsas komanda mərkəzidir.

Qonşu Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanma qərargahı yerləşir. Bu donanma strateji baxımdan vacib dənizlərə, o cümlədən Fars körfəzinə, Qırmızı dənizə, Ərəb dənizinə və Hind okeanının bir hissəsinə nəzarət edir.

Birləşmiş Ərəb Əmirliklərində paytaxt Əbu-Dabi şəhərinin cənubunda Al Dhafra Hərbi Hava Bazası yerləşir. Bu, ekstremist qruplaşmalara qarşı əməliyyatları, eləcə də region üzrə kəşfiyyat əməliyyatlarını dəstəkləyən həyati əhəmiyyətli hava mərkəzidir.

Bundan əlavə, Dubaydakı Cebel Əli limanı rəsmi hərbi baza olmasa da, regionda ABŞ Hərbi Dəniz Qüvvələri üçün ən böyük ötürücü məntəqə kimi fəaliyyət göstərir və müntəzəm olaraq təyyarədaşıyıcı gəmiləri və iri döyüş gəmilərini qəbul edir.

Küveytdəki hərbi şəbəkədə ABŞ Ordusunun 14 minlik heyəti var. İrəli komanda məntəqəsi Camp Arifjan və İraq sərhədindən təxminən 40 km aralıda yerləşən Ali əl-Səlim Hərbi Hava Bazası daxildir. Bu baza çətin relyefi və təcridolunması səbəbindən həm də “The Rock” adlandırılır. Bundan əlavə, 2003-cü ildə yaradılan Camp Buring İraq və Suriyada yerləşdirilmiş ordu birlikləri üçün vacib tranzit nöqtəsi olaraq qalır.

Səudiyyə Ərəbistanında isə təxminən 2 300 nəfərdən çox amerikalı hərbi qulluqçu (2024-cü ilin məlumatına görə), yerli hökumətlə sıx əməkdaşlıq edərək hava və raket əleyhinə müdafiəni təmin edir. Bu qoşunlar əsasən Ər-Riyadın təxminən 60 km cənubunda yerləşən Şahzadə Səud Hərbi Hava Bazasında yerləşdirilib. Bu bazada Patriot raket sistemi və Terminal Yüksəklik Hava Müdafiəsi raket sistemi daxil olmaqla müasir hava müdafiə sistemləri mövcuddur.

İordaniayada ABŞ-ın 332-ci Ekspedisiya Hava Kanadı paytaxt Ammandan 100 km şimal-şərqdə yerləşən Azraqdakı Muvaffak əl-Salti Hava Bazasındadır və hava missiyaları həyata keçirir.

İraqda strateji baxımdan vacib Ənbar əyalətində yerləşən ABŞ-ın Əyn əl-Əsəd hava bazası isə təhlükəsizlik qüvvələrini dəstəkləyir və NATO missiyalarını həyata keçirir. Bu baza hələ 2020-ci ildə ABŞ-ın general Qasım Süleymanini öldürməsinə cavab olaraq İranın raket hücumuna məruz qalmışdı.

Bu ölkənin kürdlərin nəzarətində olan şimal bölgəsində, Erbil şəhəri yaxınlığındakı ABŞ hava bazası isə koalisiya qüvvələri üçün təlim və döyüş məşqləri mərkəzi kimi fəaliyyət göstərir. Məlumatlara görə, bu baza kəşfiyyat məlumatlarının paylaşılması və maddi-texniki təchizat, həmçinin  loqistik dəstəyin koordinasiyası üçün əhəmiyyətli yerdir.

Mədinə Hüsiyeva

media-ads_728_90
Paylaş