Eldar Mansurovun ÖZƏL GÜNÜ - VİDEO
Bu gün tanınmış bəstəkar, xalq artisti Eldar Mansurovun doğum günüdür.
“TV1” xəbər verir ki, yüzlərlə gözəl bəstəsiylə Azərbaycan mədəniyyətinə töhfələr vermiş bəstəkarın 74 yaşı tamam olur.
Bəstəkar Eldar Mansurovun “Bayatılar” mahnısını ilk dəfə 1989-cu ildə о vaxt Azərbaycan estradasının gələcək ulduzu Brilliant Dadaşova ifa etdi. “Bayatılar” dərhal populyarlıq qazandı və artıq 1990-cı ildə “Melodiya” şirkəti tərəfindən val şəklində böyük tirajla çap olunaraq keçmiş sovet məkanında geniş yayıldı. Şair Vahid Əzizinsözlərinə yazılmış “Bayatılar” bu günə kimi ən sevimli mahnılar sırasındadır. O vaxtdan indiyədək bu uzunömürlü mahnı dünyanı gəzir. “Bayatılar”ın musiqisi Türkmənistan, Rusiya, Türkiyə, Yunanıstan, Almaniya, İtaliya, İspaniya, Fransa, Rumıniya, Bosniya və Herseqovina, Xorvatiya, ABŞ, İngiltərə, İsveç, Kanada, İsrail, ərəb ölkələri, hətta uzaq Braziliyada da müxtəlif ifaçılar tərəfindən istifadə edilib.
Musiqiçi ailəsində dünyaya göz açan məşhur bəstəkar Eldar Mansurov “Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir.
Eldar Mansurovun “Bəhramnamə” əsəri atası, məşhur tarzən Bəhram Mansurova həsr olunub. “Bəhramnamə”də səslənən hər bir kompozisiya Şərq və Avropa motivlərinin vahid bitmiş formasıdır. Bu əsərdə klassik Azərbaycan muğamı yeni şəkildə – müasir Avropa ritmlərinin müşayiəti ilə təqdim olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev bəstəkarın 70 illik yubileyi münasibətilə Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib.
Məlumat üçün bilidirək ki, İstanbulun əsas opera və konsert salonlarından biri “Atatürk Kültür Merkezi”ndə “Eldar Mansurovun Simfonik Qravürləri” adlı konserti keçiriləcək. Proqramda bəstəkarın estrada və klassik üslub elementlərini simfonik səslənmə ilə birləşdirən bəstələrinin ifası nəzərdə tutulub.
“TV1” kanalının kollektivi olaraq, bəstəkar Eldar Mansurovu ad günü münasibətilə təbrik edirik və ona yeni yaradıcılıq uğurları arzulayırıq!









