Əməkdar jurnalist Akif Təvəkküloğlu yazır: Azad olan xatirələr (1-ci yazı)
Azad olan xatirələr (1-ci yazı)
Orta məktəb illərinin yay tətilləri hər il bir-birindən maraqlı keçirdi. Demək olar ki,
hər şey yadımdadır. Dağlar, dərələr, təpələr, çaylar. Dünyanın möcüzəsi idi. Gün ərzində
dəfələrlə dəyişən gah yağmurlu, gah dumanlı, gah da ki, günəşli hava. Heyranedici
mənzərələr yaranırdı. O mənzərələr heç vaxt yadımdan çıxmır. Xatirələr sanki canlı
şəkildə daim mənimlə danışır. Səhər tezdən gün çıxmamış qoyun-quzuların mələşməsi,
çobanların hay-küyü elə bil hər açılan səhərimizin melodiyası idi. Bu melodiya alaçıqlarda
səhərin şirin yuxusunda olan hər bir kəsə “sabahınız xeyir olsun” deyirdi. Kəlbəcər
yaylaqlarında gün bax beləcə başlayırdı. Açılan səhər süfrələrindəki qaymağın, südün,
pendirin, balın ətri hər bir alaçıqdan ətrafa yayılırdı. Dupduru bulaqların suyundan
hazırlanan samovar çayının ləzzəti isə bambaşqa zövq idi.
Kəlbəcərin hər qarışı gözəldir. Tanrı bu diyara sanki ən xoş anlarında sığal çəkib.
Hər yan kəklikotu, qantəpər, yarpız, saysız-hesbsız gül-çiçəyin ətrinə bürünüb. İnsan o
yerlərlə bağlı xatirələrə dalarkən həmin ətirlərin təsirindən bihuş olur, özünü sanki cənnət
bir məkanda hiss edir. Kəlbəcərin dağları, yaylaqları, dərələri, təpələri, çayları, qayaları,
bulaqları, gül-çiçək ətirli düzləri xatirəmdə daim yaşayıb və yaşayır. Amma bu xatirələr
torpaqlarımız, Qarabağımız və Kəlbəcərimiz kimi düşmən girovluğunda idi, dustaq idi,
təcavüzə məruz qalmışdı, işğal olunmuşdu. Ona görə 30 il müddətində xatirələrimi
çözələyə bilmirdim. Uşaqlığımın xatirələri məni əzirdi, incidirdi. Gözəl, əsrarəngiz
Kəlbəcərim barədə xatirələrim qatı dumandan görünməyən dağ zirvəsi idi. Ha istərdim ki,
o dumanı qovam, zirvəni aydın görəm. Amma bunu bacarmırdım, nail ola bilmirdim. İndi
isə xatirələrim azaddır. Torpaqlarımız, Qarabağımız, Kəlbəcərimiz, Laçınımız,
Zəngilanımız və digər ərazilərimiz kimi mənim xatirələrim də işğaldan, dustaqlıqdan,
girovluqdan azad oldu. Bu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun
şücaəti sayəsində oldu.
44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı düşmənin başını əzdi, məhv
etdi, torpaqlarımız işğaldan azad oldu, düşməndən təmizləndi. Azad olan torpaqlarımız
yenidən dirçəldi, gül-çiçək ətri yenidən o ərazilərə qayıtdı. O yerlərin sakinləri kimi.
Xatirələrimiz də yenidən yaddaşımızın ala-toran səhifəsindən ağ, işıqlı səhifəsinə keçdi.
İndi Kəlbəcərlə bağlı xatirələrimi qürurla, sevinclə çözələyə bilərəm. Xatirələrim çoxdur.
Amma bəzi məqamlar barədə böyük həvəslə yazmaq istəyirəm. (ardı var…)
Akif Təvəkküloğlu Əməkdar jurnalist