Əməkdar jurnalist Akif Təvəkküloğlu yazır: Azad olan xatirələr (3-cü yazı)

media-ads_728_90
                             Azad olan xatirələr (3-cü yazı)
Xatirələr yaşadığın illərin acılı-şirinli gerçəkliyidir. Kəlbəcər yaylaqlarında
keçirdiyim uşaqlığımın hər anı indi daha şirindir. Çünki Kəlbəcər, onun
yaylaqları, dağları, təpələri, düzləri, bulaqları, sıldırım qayaları, başı qarlı və
daim dumanlı zirvələri bir sözlə yaddaşımda həkk olunan bütün gözəlliklər
xatirələrimlə birlikdə artıq azaddır. Hər qarış torpağı düşməndən təmizlənib və
yenidən qurulan kənd və şəhərlər göz oxşayır. Öz doğma sakinləri üçün darıxan
o yerlərdə canlanma gündən-günə artmaqdadır. Taxta deyilən yaylağın qeyri-
adi gözəllikləri hamını heyran edirdi. Alacığımızın yaxınlığında bir bulaq var idi.
Ona lal bulaq deyirdilər. Səbəbi isə həqiqətən də lal-tərpənməz şəkildə durması
idi. Yəni bu bulağın suyunun nə artmasını, nə də ki, azalmasını görmək
mümkün deyildi. Sakinlər oradan vedrələrlə su götürərdilər. Amma zərrə qədər
də azalma hiss olunmurdu. Təbiətin sirli-sehrli möcüzələrindən biri idi o bulaq.
Hətta atlar, dəvələr bəzən gəlib o bulağa dayayardılar ağızlarını. Nə qədər
içsələr də bulağın tükü də tərpənmirdi. Nə deyim, Kəlbəcər gözəlliklərini
tərənnüm etmək elə də asan iş deyil. “Uzun yal” deyilən bir yaylaq var. Oraya
gedib çatmaq hər sürücünün hünəri deyildi. Yolu çox təhlükəli və qorxulu idi.
Bizim ailəni o yaylağa aparan görünür, o vaxtın çox təcrübəli sürücülərindən
olub. Maşın dağı dik çıxmalı və dik də düşməli idi. Yəqin ki, bunun nə olduğunu
sürücülər yaxşı bilir. Özü də maşın yüklü ola. Yaylağa çatanadək yol boyu nələr
gördük və nələr çəkdik? Əvvəla gördüklərimizdən biri hamının ilk dəfə gördüyü
maraq doğuran dik bir qaya oldu. Elə bil tanrının bu yerlərə göndərdiyi
tamaşasından doymaq mümkün olmayan əsər idi. Sanki dünyanın ən məşhur
heykəltaraşı yaratmışdı bu əsəri. Həmin qaya bəzəkli gəlini xatırladırdı. Buna
“Gəlin qayası” deyirdilər. Onun haqqında müxtəlif əfsanələr danışırdılar. Maşın
“Gəlin Qayası”nın yanından şütüyüb keçəndən sonra sürücünü və yaylağa köç
edənləri ağır və təhlükəli sınaq gözləyir. Bir qədər əvvəl qeyd etdiyimiz kimi
böyük bir aşırımı keçmək lazımdır. Dağı dik qalxıb enmək vaxtı yetişir. Bu
aşırımı keçib getmək isə sürücüdən cəsarət və təcrübə tələb edirdi. Maraqlı
məqamlardan biri o aşırımın adı ilə bağlıdır. Ona “Soltan-Heydər” aşırımı
deyirdilər. Adla bağlı xatirəmdə qalanları söyləyirəm. Deyirdilər ki, iki qardaş
olur. Birinin adı Soltan, digərinin isə Heydər. Onlar “Uzun yal” yaylağına getmək
üçün maşınla bu aşırımı keçməli olurlar. Amma bu təhlükəli yolu keçib ünvana
çatmaq onlara nəsib olmur. İdarə etdikləri maşın qəzaya uğrayır. Onlar qəzanın
qurbanı olurlar. Həmin hadisədən sonra insanlar aşırıma “Soltan-Heydər” adını
verirlər. Ardı var…
                                                       
                                            Akif Təvəkküloğlu Əməkdar jurnalist 
media-ads_728_90
Paylaş