Fridrix Merts Almaniyanın yeni Kansleri seçildi
Almaniyada Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts Bundestaqda keçirilən səsvermənin ikinci turunda Federal Kansler seçilib.
“TV1” xəbər verir ki, F.Mertsin Kansler seçilməsi üçün parlamentin 630 deputatından 316-nın səsi tələb olunduğu halda, onun lehinə 325 deputat səs verib.
Qeyd edək ki, koalisiya hökumətində yer alan partiyalar – CDU, Xristian Sosialistlər İttifaqı (CSU) və Sosial Demokrat Partiyası (SPD) parlamentdə 328 deputat mandatına sahib olduğundan F.Mertsin ilk turda Kansler seçilməsi gözlənilirdi. Lakin gözlənilmədən birinci turda F.Mertsin Kansler seçilməsinin lehinə 310, əleyhinə 307 nəfər səs verib, 3 nəfər bitərəf qalıb. Birinci turdakı məğlubiyyətdən sonra partiyaların parlament fraksiyaları arasında aparılan məsləhətləşmələr nəticəsində ikinci turun da bu gün keçirilməsi qərara alınıb.
Xatırladaq ki, seçkilərdən sonra yeni Kansler ölkə prezidenti Frank-Valter Ştaynmayer tərəfindən bu vəzifəyə təyin ediləcək. Bundan sonra isə o, parlamentdə and içəcək. Növbəti mərhələdə yeni kabinet təsdiqləndikdən sonra koalisiya hökuməti fəaliyyətə başlayacaq.