Gürcüstan Bakı-İrəvan dialoqunun təşviqinə dəstək verməyə hazırdır - İrakli Kobaxidze
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanda səfərdə olan Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ilə görüş zamanı Cənubi Qafqazda sülh və sabitlik məsələlərini müzakirə edib.
“TV1” xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan arasında sülh sazişinin bağlanması istiqamətində aparılan danışıqların yekun mərhələyə çatması yüksək dəyərləndirilib.
Tərəflər sənədin yaxın vaxtlarda imzalanacağına ümid ifadə ediblər.
Baş nazir İ.Kobaxidze Gürcüstan hökumətinin regionda davamlı sülhün və sabitliyin təmin olunması, eləcə də Bakı ilə İrəvan arasında dialoqun təşviqinə bundan sonra da dəstək verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, görüşdə Gürcüstanın daxili işlər naziri Gela Geladze də iştirak edib.