Hakan Fidanla Marko Rubio arasında Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı müzakirə olub
ABŞ-də səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla bu ölkənin Dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
“TV1” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Telekanalın məlumatına görə, nazirlər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıb, bu ölkədə sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyəti ifadə ediblər. Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb.
Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmaq səyləri ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh prosesi də müzakirə olunub.
Vurğulanıb ki, Ankara Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı səylərini dəstəkləyir. Həmçinin, Bosniya və Herseqovinanın sabitliyinin Balkanlar üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb.