Heç bir ölkədə təhsil naziri məktəblərdə uşaqlar arasındakı anlaşılmazlıqlarla bağlı suallara cavabdeh deyil - Nazir
“May ayından sonra bəzi müəllimlər tədrisi tez bitirib, yay tətilinə getməyə can atır”.
“TV1” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, dünyanın heç bir yerində təhsil naziri məktəblərdə uşaqlar arasında olan anlaşılmazlıqlarla, davalarla bağlı suallara cavabdeh deyil.
“Bizim istəyimiz vəzifəmiz ondan ibarətdir ki, müəllimlərin peşakarlığı, təhsilin keyfiyyəti artsın. Müəllimlərin işəqəbulu ilə bağlı bugünki model ən uyğunudur. Sanki məktəbdəki təlim prosesi bir tərəfə qalıb, inzibati işlərə daha çox vaxt və resurs ayrılır. Hansısa jurnalı düz yazmaq vacibdir, yoxsa şagirdə təlim keçmək? İyunun 15-ə qədər tədrisi uzatmağımızdan xeyli dövr keçib. Amma sanki həmin dövrü hər kəs tez bitirib, yay tətilinə getməyə can atır. May ayından sonra səmərəlilik aşağı düşür. Bu belə olmalı deyil. Həmin dövrdə yay tapşırıqları hazırlanmalı, geridə qalan zəif şagird öyrədilməli, təkrarlar edilməlidir.
Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, nazirliyin, MÜTDA-nın və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və KİV nümayəndələri iştirak edirlər. /trend/