Tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmov 80 illiyini qeyd edir

media-ads_728_90

Bu gün Azərbaycan Yazıçılar Birliyində yazıçı-dramaturq Hüseynbala Mirələmovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

“TV1” xəbər verir ki, tədbirdə yazıçılar, şairlər və digər tanınmış şəxslər iştirak ediblər.

Bildirilib ki, Hüseynbala Mirələmovun çoxşaxəli yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan ədəbi-mədəni həyatında mühüm yer tutur. Onun nəsr, dramaturgiya, publisistika, elmi axtarışlar və maarifçilik sahəsindəki xidmətləri milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və insan psixologiyasının dərin bədii təhlili ilə səciyyələnir. Hüseynbala Mirələmovun roman, povest və pyesləri yalnız bədii-estetik dəyəri ilə deyil, həm də mövzuların aktuallığı və ədəbi-tarixi əhəmiyyəti baxımından ədəbiyyatımızda xüsusi yerə malikdir. Onun əsərlərində milli kimliyin, xalqımızın yaddaşında iz salmış hadisələrin və insan talelərinin bədii ifadəsi ustalıqla təqdim olunur.

Həmçinin vurğulanıb ki, onun həyat və yaradıcılığı yalnız bədii mətnlərlə məhdudlaşmır. H.Mirələmov eyni zamanda elmi-pedaqoji mühitin tanınmış simalarındandır. Yüksək ixtisaslı mütəxəssis – texnika elmləri doktoru, professor, əməkdar mühəndis və pedaqoq kimi fəaliyyət göstərərək yüzlərlə tələbənin və gənc alimlərin formalaşmasında iştirak edib. Onun elmi fəaliyyəti də eyni intellektual məsuliyyət və vətəndaşlıq mövqeyi ilə səciyyələnir.

Ədalətə, haqqa xidmət göstərən əsl vətəndaş obrazı H.Mirələmovun yaradıcılığının ən müxtəlif mərhələlərində onu düşündürən əsas mövzulardan olub. Onun əsərlərində diqqət çəkən əsas məqamlardan biri də yazıçının hadisələri çox dəqiq müşahidə etməsi, onları qəlbindən, içindən keçirib yaşamasıdır. Bunsuz oxucunun qəlbinə yol tapmaq, onu təsirləndirmək çətin məsələdir.

Azərbaycan ədəbiyyatında artıq öz dəst-xətti ilə tanınan, yaradıcılıq irsi həm bu gün, həm də gələcək nəsillər üçün əhəmiyyətli elmi-ədəbi xəzinəyə çevrilən Hüseynbala Mirələmovun növbəti əsərləri şanlı Azərbaycan əsgərinə və əmək meydanlarında xarüqələr yaradan insanlarımıza həsr olunacaq.

media-qusi

media-ads_728_90
Paylaş