media-1200x100

İlham Əliyev: "ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir"

media-ads_728_90

“ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir”.

“TV1” xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Prezident İlham Əliyev regional vəziyyətə toxunaraq deyib ki, Azərbaycan bölgədə davamlı sülhün təmin olunmasının tərəfdarıdır.

Dövlətimizin başçısı vurğulayıb ki, bunun üçün özünün artıq dəfələrlə qeyd etdiyi kimi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları aradan qaldırılmalıdır və Konstitusiya dəyişdirilməlidir.

Azərbaycan Prezidenti deyib ki, artıq keçmişin qalığı olan ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan təsisatlar tamamilə ləğv edilməlidir. Dövlətimizin başçısı Minsk qrupunun ləğv edilməməsi ilə bağlı Ermənistanın mövqeyinin heç bir halda başadüşülən olmadığını qeyd edib: “Çünki əgər münaqişə keçmişdə qalıbsa və Ermənistanın baş naziri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ifadə edirsə, onda keçmişin qalığı olan Minsk qrupunun saxlanmasına nə ehtiyac var?!”

İlham Əliyev bildirib ki, görünür, Ermənistan sülh müqaviləsində və regionda davamlı sülhün əldə edilməsində maraqlı deyil.

Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistan qəsdən vaxt uzadır, Fransadan, digər Qərb ölkələrindən və başqa tərəflərdən yeni silahlar alır, öz ərazisində üçüncü tərəflərlə hərbi təlimlər keçirir.

media-ads_728_90
Paylaş