İmişlidə toyda zəhərlənənlərin sayı 59-a çatıb - YENİLƏNİB
İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
“TV1” xəbər verir ki, TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib.
11:12 —————————————————————————————————————————————-
Sentyabrın 23-də İmişli rayonunun Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“TV1” xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilir.
Qeyd olunur ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.