Magistraturalara qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (2-ci cəhd) keçirib.
“TV1” xəbər verir ki, bu barədə DİM-in məlumatında bildirilib.
Qeyd olunub ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 82 binada təşkil olunub.
İmtahan saat 10:00-da başlanıb və 3 saat 30 dəqiqə davam edib.
İlkin məlumatlara əsasən, imtahanda hər hansı pozuntu halı qeydə alınmayıb.
Mayın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.
İmtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.
Qeyd edək ki, imtahan vermək üçün 20 min 549 bakalavr ərizə təqdim edib. Onlardan 19 min 59 nəfəri Azərbaycan bölməsi, 1490 nəfəri rus bölməsi üzrə imtahan verib. Bakalavrlardan 12 min 743-ü cari ilin, 7806-sı isə əvvəlki illərin məzunlarıdır, 51 nəfər xarici ölkə vətəndaşıdır.
Qəbul imtahanı Bakıda 59, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 5, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunub. Bakıda 15 min 38, Naxçıvanda 567, Gəncədə 1255, Sumqayıtda 1532, Abşeronda 1060, Mingəçevirdə 705, Lənkəranda 392 bakalavrın imtahan verəcək. İmtahanın idarə olunmasına 82 ümumi rəhbər, 232 imtahan rəhbəri, 1872 nəzarətçi, 273 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub.