BMT-də Kipr məsələsi üzrə 5+1 formatındakı qeyri-rəsmi görüşün NƏTİCƏLƏRİ

media-ads_728_90

BMT-nin Nyu-Yorkdakı baş qərargahında Kipr məsələsinə dair 5+1 formatında (Türkiyə, Yunanıstan, Böyük Britaniya, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC), yunan Kipri və BMT) iki günlük qeyri-rəsmi görüş keçirilib.

“TV1” xəbər verir ki, geniş tərkibdə danışıqlar BMT-nin Baş katibi Antonio Quterreşin adından verilən rəsmi naharla başlayıb.

Görüşdə BMT baş katibi Antonio Quterreş, Türkiyənin xarici işlər naziri Hakan Fidan, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar və Kipr prezidenti Nikos Hristodulidis iştirak ediblər.

Toplantıda birbaşa siyasi danışıqlardan daha çox tərəflər arasında əməkdaşlıq imkanlarının araşdırılmasına diqqət yetirilib.

Türkiyə diplomatiyasının rəhbəri Ankaranın Kipr məsələsinin həlli ilə bağlı dialoqdan gözləntilərini bölüşüb.

“Türkiyə Kipr türklərinin hüquqlarının pozulduğu heç bir formulu qəbul etmir. Ankara danışıqlardan heç vaxt yayınmayıb və çox konstruktiv mövqe nümayiş etdirir”, – deyə H.Fidan bildirib və adada mövcud reallıqların tanınmasının Kiprin hər iki xalqının maraqlarına cavab verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin xarici işlər naziri, həmçinin tərəfləri qarşılıqlı faydalı həll yolları üzərində işləməyə çağırıb.

Qeyd edək ki, BMT baş katibi Antonio Quterreş görüşdən sonra jurnalistlərə açıqlamasında müzakirələrin konstruktiv keçdiyini bildirib. O qeyd edib ki, liderlər 2024-cü ilin mart ayında İsveçrənin Cenevrə şəhərində keçirilən qeyri-rəsmi “Kipr müzakirələri” formatlı görüşdə razılaşdırılmış altı etimad tədbirinin icrasını nəzərdən keçiriblər və onlardan dördünün artıq reallaşdırıldığını vurğulayıb.

Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar isə bildirib ki, əsas müzakirə mövzularından biri olan yeni keçid məntəqələrinin açılması məsələsində tərəflər ortaq məxrəcə gələ bilməyiblər:

“Dörd yeni keçid məntəqəsinin açılması gündəmdə idi, bu baş tutmadı. Yunan tərəfi keçid məntəqələrinin yalnız bufer zonası üzərindən salınmasında israr etdi. Bufer zonasında yol salınması doğru deyil. Razılıq əldə olunmadı. Dörd keçid məntəqəsinin açılması mümkün olmadı”.

Xatırladaq ki, ilin sonunadək eyni formatda daha bir qeyri-rəsmi toplantı planlaşdırılır.

 

media-ads_728_90
Paylaş