“Ortaq mədəniyyətin övladları – İraq türkmanları və Azərbaycan” kitabının yenilənmiş variantı nəşr edilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşəbbüsü və dəstəyi ilə “Ortaq mədəniyyətin övladları – İraq türkmanları və Azərbaycan” kitabının yenilənmiş variantı nəşr edilib. https://aircenter.az/uploads/xn4ZY1Qq9Psr.pdf
“TV1” xəbər verir ki, ön sözün müəllifi BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd edib ki, sərhədlərimizindən kənarda yaşayan və özünü Azərbaycan mədəni arealının bir hissəsi hesab edən icmalarla tarixi, mədəni və ədəbi əlaqələri qoruyub saxlamaq, bağları gücləndirmək Azərbaycan Respublikasının xarici siyasətinin bir hissəsidir.
“Bu gün Azərbaycan Respublikası və İraq Respublikası arasında münasibətlərin yüksək səviyyədə olması iki ölkə xalqları, ələlxüsus da, türkmanlar ilə mədəni və ədəbi əlaqələrin inkişafı üçün geniş imkanlar yaradır”,-deyə o bildirib.
Araşdırmada İraq türkmanlarının tarixi, demoqrafiyası, yerləşmə məkanları, sosial-iqtisadi həyatı, məişəti, adət-ənənələri, İraq türkmanlarının ölkə tarixindəki rolu, görkəmli şəxsiyyətləri, azərbaycanlılarla İraq türkmanları arasındakı tarixi bağlar geniş formada öz əksini tapıb.
Layihənin rəhbəri Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının təmsilçisi Kənan Rövşənoğludur.
Tədqiqat işi Azərbaycan və İraqdan olan alim və ekspertlərin birgə əməkdaşlığı ilə hazırlanıb. Kitabın müəllifləri sırasında İraqdan Mahmud Xəlil Cəfər, Cəfər Təlafəri, İsmail Aslanoğlu, Rza Əlioğlu, Naznaz Tevfiq, Hussam Davud Hızır Erbilli, Burhan Saleh və Çoban Hıdır Uluhan, Azərbaycan tərəfdən isə Natiq Rəhimov, Ləman Süleymanova, Aynur Cəlilova, Məhsəti Süleymanova, Kənan Rövşənoğlu, Rizvan Məmmədsoy və Orxan İsayev yer alır.
Kitab sahə üzrə tədqiqatçılar, jurnalistlər, türkman icması ilə bağlı maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.








