Özbəkistanlı alimlərin Azərbaycan TƏƏSSÜRATLARI
Daşkəndin Alfraqus Beynəlxalq Universiteti, Dənizak Dövlət Pedaqoji Universiteti və Azərbaycan Pedaqoji Universitetinin alimlərinin birgə hazırladığı antologiya işıq üzü görüb.
Bu barədə “TV1”-ə özəl açıqlamasında Azərbaycanda səfərdə olan özbəkistanlı alim Daşkəndin Alfraqus Beynəlxalq Universitetinin professoru, filologiya elmləri doktoru Sürəyya Eşonkulova məlumat verib.
O qeyd edib ki, antologiya “Ədəbi əlaqələr cərəyanı – Yaradıcılıq prosesinin güzgüsü” adlanır.
Qonaq həmçinin vurğulayıb ki, ölkəmizə etdikləri səfər çərçivəsində özbəkistanlı alimlərin Qarabağa səfər etmək imkanları da olub.
Şuşanın əsrarəngiz gözəlliyinə, təbiətinə məftun olduqlarını söyləyən S.Eşonkulova deyib ki, Azərbaycan xalqının qonaqpərvərliyi onları heyran edib.
“Biz millətinizdə milli iftixar hissini gördük. Bu, bizi valeh etdi. İnsanlarınız çox istiqanlıdır. Bakının gözəl arxitekturası, milli ornomentləri isə bir başqa gözəldir. Azərbaycanı çox sevirik”.
Qeyd edək ki, Daşkəndin Alfraqus Beynəlxalq Universiteti, Dənizak Dövlət Pedaqoji Universiteti və Azərbaycan Pedaqoji Universiteti arasında 2024-cü ildən başlayaraq ədəbi əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət həyata keçirilir. Özbək alimlərin Azərbaycana səfərinin məqsədi bu əlaqələrin inkişaf etdirilməsi ilə bağlı Azərbaycandakı tərəfdaşları ilə müzakirələr aparmaq və “Ədəbi əlaqələr cərəyanı – Yaradıcılıq prosesinin güzgüsü” antologiyasının təqdimat mərasimində iştirak etməkdir.