Pakistan Kabil və Qəndəhara hava zərbələri endirib
Pakistan Əfqanıstanın paytaxtı Kabil və Qəndəhar şəhərlərinə, həmçinin Paktiya Vilayətinə hava zərbələri endirib.
“TV1” BBC-yə istinadən xəbər verir ki, Pakistanın informasiya naziri Attaullah Tararın açıqladığı məlumatlara görə, zərbələr nəticəsində 133 Taliban döyüşçüsü öldürülüb, 200-dən çoxu yaralanıb.
Pakistanın müdafiə naziri Xavaca Asif iki ölkə arasında baş verən silahlı toqquşmadan sonra “açıq müharibə” elan edib. Onun sözlərinə görə, Taliban hökuməti Əfqanıstanı “Hindistan müstəmləkəsi”nə çevirib, dünyanın hər yerindən terrorçuları bu ölkəyə toplayıb və terroru başqa ölkələrə ixrac etməyə başlayıb.
Qeyd edək ki, fevralın 26-da Əfqanıstan qüvvələri Pakistanın hücumlarına cavab olaraq Xost, Paktiya, Nuristan və bir sıra digər bölgələrdə Durand xətti boyunca Pakistana qarşı əməliyyatlara başlayıb. Hər iki tərəfdən itkilər olub.
Həmçinin, Pakistan artıq son bir həftə ərzində Əfqanıstanda bir neçə hava hücumu həyata keçirib və Taliban 18 nəfərin öldüyünü bildirib. İslamabad isə iddia edir ki, əməliyyat silahlıların şübhəli düşərgələri və sığınacaqlarını hədəf alıb.
Xatırladaq ki, oktyabr ayında sərhəddəki toqquşmalardan sonra iki ölkə atəşkəs barədə razılığa gəlib. Lakin son günlər döyüşlər yenidən başlayıb.








