Paytaxtda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb - FOTO/VİDEO
Paytaxtda 20 Yanvar faciəsinin 35-cü ildönümü ilə bağlı hazırlıqlara başlanılıb. Hər il olduğu kimi bu il də Xiyabanda faciənin ildönümü ilə əlaqədar xüsusi kompozisiyalar hazırlanır.
“TV1” xəbər verir ki, hazırlıq işlərinin yanvarın 19-na kimi başa çatdırılması planlaşdırılır.
Sovet ordusunun Bakıda törətdiyi Qanlı 20 Yanvar faciəsinin bu il 35-ci ildönümüdür. Canını Vətənin azadlığı və istiqlaliyyəti uğrunda qurban vermiş şəhidlərimizin anım günü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri görülür. Anım gününə bir neçə gün qalıb. Məktəblilər, məktəbəqədər tərbiyə müəssisələrindən olan uşaqlar, şəhər sakinləri dəstə-dəstə Şəhidlər Xiyabanına gələrək 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfillər düzür, şəhidlərimizin ruhuna dualar oxuyurlar.
Müqəddəs ziyarətgaha çevrilmiş xiyabanın giriş hissəsindəki lövhənin ətrafı müxtəlif rəngli qərənfillərlə bəzədilib. Daha çox tünd qırmızı qərənfillərdən istifadə olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin aidiyyəti strukturları tərəfindən Şəhidlər Xiyabanında geniş təmizlik və abadlıq işləri görülür. İşıq dirəkləri rənglənilir, ərazi yuyulub təmizlənir. Həmçinin, xiyabandakı məşəllərdə profilaktika işləri aparılır. Bundan əlavə, ağacların budaqları, kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.
Yanvarın 19-20-də vətəndaşların sərbəst və maneəsiz hərəkətinin təmin etmək məqsədilə təhlükəsizlik tədbirləri görüləcək.
İlkanə Vaqifqızı