Paytaxtda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

media-ads_728_90

İyunun 5-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, iyunun 6-da isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq.

“TV1” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

Paytaxt üzrə monitorinq üçün ayrılan 112 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 49 mindən çox IV sinif şagirdi, 49 mindən çox VI sinif şagirdi biliyini sınayacaq.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 28 qapalı, 2 açıq yazılı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 23 qapalı, 2 açıq yazılı sual, təbiət fənni üzrə 25 qapalı sual, riyaziyyat fənni üzrə 20 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual təqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7344 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

media-ads_728_90
Paylaş