DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib
Oktyabrın 14-də inzibati rəhbər vəzifələr üzrə AB və AC, inzibati icraçı vəzifələr üzrə isə BA və BB vəzifə qruplarına aid dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilib.
“TV1” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, DİM-in təşkil etdiyi imtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə təşkil olunub. İmtahanda 293 namizəd iştirak edib, onlardan 171-i uğur qazanıb.
Nəticələrə əsasən, AB2 altqrupu üzrə 2, AB4 üzrə 3, AC2 üzrə 5, AC3 və AC4 altqruplarının hər biri üzrə 2, BA1 üzrə 1, BA2 üzrə 4, BA3 üzrə 9, BA4 üzrə 8, BB1 üzrə 14, BB2 üzrə 31, BB3 üzrə 43, BB4 üzrə isə 47 namizəd müvəffəqiyyət əldə edib.
Namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahan nəticələri DİM-in internet saytında da yerləşdiriləcək.
İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Apellyasiya Komissiyası oktyabrın 16-da, 19-da və 20-də saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.








