Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir

media-ads_728_90

Azərbaycanda süni intellekt sahəsində dövlət siyasətinin həyata keçirilməsi, milli süni intellekt modellərinin yaradılması və rəqəmsal suverenliyin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev süni intellekt texnologiyalarının inkişafı və tətbiqi ilə bağlı Azərtaca açıqlamasında bildirib.

Akademik qeyd edib ki, Azərbaycanda süni intellekt sahəsində dövlət siyasətinin həyata keçirilməsi üçün mühüm strategiya və proqramlar qəbul olunub.

Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Rəqəmsal İnkişaf Şurası da bu istiqamətdə qarşıya qoyulan məqsədlərin reallaşdırılmasına xidmət edir. Rəqəmsal inkişafın təmin olunması üçün formalaşdırılan vahid fəaliyyət planı dövlət qurumları, biznes sektoru, elmi müəssisələr və təhsil sistemi qarşısında mühüm vəzifələr müəyyənləşdirir.

Rasim Əliquliyev vurğulayıb ki, Azərbaycan universitetlərində süni intellekt sahəsinə diqqət artırılır, tədris məzmunu yenilənir, yeni bilik və bacarıqların formalaşdırılması istiqamətində təşəbbüslər həyata keçirilir, müvafiq kafedralar yaradılır. Alimlər də bu sahənin inkişafına xüsusi həssaslıqla yanaşırlar. AMEA-nın müxtəlif elmi müəssisələrində süni intellektin humanitar və sosial elmlərdə tətbiqi, eləcə də bu texnologiyanın hüquqi, etik, fəlsəfi, linqvistik və texnoloji aspektləri araşdırılır. Süni intellekt yalnız texnologiya məsələsi deyil, həm də cəmiyyətin inkişafına, insan hüquqlarına və ictimai münasibətlərə təsir göstərən çoxşaxəli sahədir.

O qeyd edib ki, dünyanın müxtəlif ölkələrində süni intellektin tənzimlənməsi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Bu texnologiyaların yaratdığı imkanlarla yanaşı, risklərin də nəzərə alınması vacibdir. İnsan hüquqlarının qorunması, şəxsi həyatın toxunulmazlığının təmin edilməsi, fərdi məlumatların mühafizəsi və saxta məzmunlardan istifadə etməklə törədilə biləcək cinayətlərin qarşısının alınması xüsusi əhəmiyyət daşıyır.

Akademikin sözlərinə görə, süni intellekt sahəsində beynəlxalq təcrübənin öyrənilməsi ilə yanaşı, Azərbaycanın milli maraqlarına uyğun texnoloji imkanların yaradılması və rəqəmsal suverenliyin təmin edilməsi əsas prioritetlərdəndir.

“Ölkəmizin milli süni intellekt modellərini və alqoritmlərini yaratmalıyıq”, – deyən Rasim Əliquliyev bildirib ki, bu məqsədə nail olmaq üçün milli məlumat resurslarının toplanması, qorunması və səmərəli emalı, eləcə də milli məlumat ekosisteminin formalaşdırılması zəruridir. Bu proses milli kibertəhlükəsizlik ekosisteminin yaradılmasını da aktuallaşdırır.

Akademik diqqətə çatdırıb ki, milli süni intellekt platformasının formalaşdırılması insan resurslarının hazırlanmasını, təhsil sistemində müvafiq təşəbbüslərin həyata keçirilməsini, dövlət qurumları və biznes şirkətləri tərəfindən milli maraqlara xidmət edən texnologiyaların işlənib hazırlanmasını tələb edir. Bununla yanaşı, məlumatların təhlükəsizliyinin təmin olunması və onların ölkə daxilində emalına imkan verən superkompüter infrastrukturunun yaradılması da mühüm əhəmiyyət kəsb edir.

Rasim Əliquliyev vurğulayıb ki, milli məlumatların toplanması və emalı prosesinin ölkənin nəzarəti altında həyata keçirilməsi rəqəmsal müstəqilliyin əsas şərtlərindəndir. Bu baxımdan enerji təhlükəsizliyi də süni intellekt infrastrukturunun inkişafı üçün mühüm amillərdən biridir. Azərbaycanın enerji sahəsindəki imkanları isə bu istiqamətdə əlavə üstünlüklər yaradır.

media-ads_728_90
Paylaş