Postmüharibə dövründə sosial dəstək paketi 130 min şəxsi əhatə edib
Postmüharibə dövründə sosial dəstək paketi 130 min şəxsi əhatə edib.
“TV1” xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, həmin sosial dəstək paketi çərçivəsində postmüharibə dövründə şəhid ailələri üzvləri və müharibə veteranları olan 106 min şəxsə 119 min aylıq sosial ödəniş, 24,4 min şəxsə birdəfəlik ödəmə təyin olunub.
Eləcə də şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib, onlara 6,8 min mənzil və fərdi ev, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 567 avtomobil təqdim edilib.
Bundan əlavə, şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 11 min şəxsə 70 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib, müharibə ilə əlaqədar əlilliyi olan 2263 şəxs 62,9 min reabilitasiya vasitəsi, o cümlədən 491 şəxs 607 ədəd yüksək texnologiyalı müasir protezlə təmin olunub. Həmçinin şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 25,3 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 12,2 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Ümumilikdə postmüharibə dövründə həmin sosial dəstək paketi 130 min şəxsi əhatə edib, onlara dəstəkyönümlü 369 min xidmət göstərilib.