Qazaxıstan "İbrahim sazişi"nə qoşuldu
Bir çox ölkə İsraillə münasibətləri normallaşdırmaq üçün “İbrahim sazişi”nə qoşulmaq niyyətindədir.
“TV1” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.
“İndicə İsrailin Baş naziri Benyamin Netanyahu və Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə əla danışığım olub. Qazaxıstanın rəsmi olaraq “İbrahim sazişləri”nə qoşulmağa razılıq verdiyini bildirməkdən məmnunam. Qazaxıstan mənim ikinci səlahiyyət müddətim ərzində “İbrahim sazişi”nə qoşulan ilk ölkədir, bir çoxlarından birincisidir. Bu, bütün dünyada körpülərin qurulmasında mühüm addımdır. Bu gün daha çox ölkə mənim “İbrahim saziş”im vasitəsilə sülh və firavanlıq axtarır. Biz tezliklə onun rəsmiləşdirilməsi üçün imzalanma mərasimi elan edəcəyik və bir çox ölkə bu güc klubuna qoşulmaq istəyir”, – o yazıb.
Qeyd edək ki, Tramp Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri ilə görüşüb.








