media-1200x100

Rəsmi Bakı AQEM-ə sədrliyi çərçivəsində prioritetlərini AÇIQLADI

media-ads_728_90

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sıdrliyi çərçivəsində “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcək.

“TV1” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün AQEM-in Nazirlər Şurasının onlayn formatda keçirilən 7-ci iclasında çıxışı zamanı deyib.

“Bizim Sədrliyimiz “Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” mövzusuna əsaslanmaqla, 3 fundamental istiqaməti prioritetləşdirəcəkdir: 1) AQEM-in transformasiyası və institusional inkişafı, 2) etimad-quruculuğu tədbirlərinin icrası vasitəsilə sahəvi əməkdaşlıq, 3) AQEM ilə digər beynəlxalq və regional təşkilatlar arasında qarşılıqlı əlaqənin təşviqi”, – deyə nazir bildirib.

Nazir bildirib ki, Azərbaycan son 30 ildə əldə olunmuş uğurlar əsasında AQEM-in tam formalaşmış beynəlxalq təşkilata çevrilməsi ilə bağlı hazırkı keçid prosesini davam etdirəcək.

“Qazaxıstan Sədrliyi dövründə başladılmış və 2022-ci ildə 6-cı AQEM Zirvə Toplantısı tərəfindən təsdiq olunmuş bu proses üzv dövlətlər tərəfindən idarə olunan və konsensus əsaslı qalmaqla, AQEM-i sürətlə dəyişən dünyanın tələblərinə cavab vermək üçün hazırlıqlı olmaq məqsədlərinə yönəldəcəkdir. AQEM-in hüquqi qüvvəyə malik əsas sənədinin (Nizamnamə) işlənib-hazırlanması, habelə onun institusional potensialının və maliyyə müstəqilliyinin gücləndirilməsinə yönəlmiş səylər də Azərbaycan sədrliyinin vacib prioriteti kimi qalacaq.

Sədrliyimiz həmçinin, AQEM Katibliyinin funksional imkanlarının gücləndirilməsinə diqqət yetirəcəkdir. Bu məqsədlə Azərbaycan Katibliyə həm maliyyə töhfəsi, həm də işçi heyətinin təmin olunması vasitəsilə dəstək göstərəcəkdir. Biz bütün üzv dövlətləri həm maliyyə, həm də əyani yardımla Katibliyin işinə dəstək göstərməyə çağırırıq. Həmçinin, biz Katibliyin Statutunun, habelə AQEM Katibliyinin, onun heyətinin və Müşavirə üzvlərinin nümayəndələrinin imtiyaz və immunitetləri haqqında Konvensiyanın ratifikasiyasını təşviq etməyə davam edəcəyik”, – deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, Azərbaycan, o cümlədən AQEM Maliyyə Zirvəsinin təsis olunmasını dəstəkləyir və bununla bağlı ekspertlər səviyyəsində aparılmış mühüm işlər əsasında konsensusun əldə olunması məqsədilə çalışacaq.

Qeyd edək ki, bu gün Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Qazaxıstandan Azərbaycana keçib.

media-ads_728_90
Paylaş