Respondentlərin 57%-i növbədənkənar parlament seçkilərində iştirak edəcək - SORĞU
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün yerli tərəfdaşı ilə birgə Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkəti 15 iyul-15 avqust tarixləri arasında seçkiöncəsi sorğu aparıb.
“TV1” xəbər verir ki, sorğu 119 seçki dairəsinin 952 məntəqəsində aparılıb.
SWG SPA şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış sorğu “face-to-face” (üzbəüz) üsulu ilə aparılıb. Anketdə respondentlərə ünvanlanan suallar və onların cavabları qeyd olunub. Sorğu iştirakçıları sorğunun anonimliyi, cavabların isə məxfiliyinin qorunması barədə əvvəlcədən məlumatlandırılıblar. Bu da cavabların səmimi olmasında və respondentlərin mövqeyini əks etdirməsində mühüm əhəmiyyət kəsb edib.
SWG SPA şirkətinin hazırladığı proqram əsasında alınan cavablar təhlil olunub və əldə edilən nəticələri bu gün media nümayəndələrinə təqdim olunub.
Sorğunun nəticələrinə görə, Azərbaycan əhalisi arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faiz təşkil edir.
Rəyi soruşulanların 81 faizi Prezident İlham Əliyevin idarəçiliyini qətiyyətli şəkildə, 10 faizi müəyyən dərəcədə dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 4 faizi cavab verməkdə çətinlik çəkib.
Bundan başqa əhalinin 81%-i parlament seçkiləri ilə maraqlandıqlarını bildiriblər. Respondentlərin 57%-i seçkidə iştirak edəcəyini, 27%-i çox gümanki, 6% xeyr, 10%-i isə bilmirəm cavabını verib.
Eyni zamanda, respondentlərin 91%-i Qarabağ bölgəsindəki bərpa işləri ilə bağlı suala əla, 4%-i yaxşı, 3%-i yetərli, 1%-i yetərsiz, 1%-i isə bilmirəm cavabını verib.
Qeyd edək ki, 1981-ci ildə İtaliyanın Triest şəhərində təsis olunan SWG SPA şirkəti ictimai rəy, institusional, sənaye araşdırması və müşahidəsi aparır, siyasi və ictimai tendensiya və dinamikaları təhlil və inteqrasiya edərək, hesabatlar hazırlayır və təqdim edir. Təsis edildiyi ilk gündən bu günə qədər SWG SPA bir neçə mühüm inkişaf mərhələsindən keçərək, İtaliyada CATI metodunu tətbiq edən ilk tədqiqat institutu olub./apa/