Şahbaz Şərif Pakistan Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb
Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanla münaqişənin kəskinləşməsi ilə əlaqədar Milli Təhlükəsizlik Komitəsinin təcili iclasını çağırıb.
“TV1” xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
İclasda həmçinin Nazirlər Kabinetinin üzvləri və ordunun rəhbər heyəti iştirak edirlər.
İclasın sonunda Ş.Şərifin xalqa müraciət edərək gələcək addımları elan edəcəyi gözlənilir.
Daha əvvəl Ş.Şərif bildirmişdi ki, Pakistanın Hindistanın başlatdığı bu müharibə aktına qətiyyətlə cavab vermək hüququ var və cavab artıq verilib.
Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində 26 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və Hindistanın beş qırıcısı vurulub.