Sahibə Qafarova: Geniş coğrafiyada yaşayan türk xalqları ortaq tarix, dəyərlər və birlik ideyası ilə sıx bağlıdırlar - VİDEO

media-ads_728_90

İyun ayının 12-də Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 14-cü Şurası və plenar iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova iştirak edib.

“TV1” xəbər verir ki, zəngin və məzmunlu çıxışı zamanı Sahibə Qafarova Azərbaycanın TÜRKPA-ya sədrliyi dövründə parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi və təşkilatın beynəlxalq platformalardakı mövqeyinin gücləndirilməsinə xüsusi önəm verildiyini bildirib.

O qeyd edib ki, TÜRKPA eyni bayraq altında birləşən qardaş xalqların həmrəyliyinin və inteqrasiyasının parlamentar əsasını yaradır.

Spikerin sözlərinə görə, ötən, 13-cü Şura iclasında qəbul edilmiş Fəaliyyət Planı əsasında həyata keçirilən tədbirlər çərçivəsində TÜRKPA-nın daimi komissiyalarının iclasları müntəzəm şəkildə keçirilib, yeni model qanunlar hazırlanıb və üzv dövlətlər arasında vahid hüquqi məkanın formalaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılıb.

TÜRKPA-nın üzv ölkələrdə keçirilən seçki və referendumlarda müşahidə missiyalarında aktiv iştirakı da vurğulanıb. Qafarova qeyd edib ki, bu missiyalar demokratik ənənələrin güclənməsinə və parlamentlərarası əməkdaşlığın daha da inkişafına töhfə verib.

Sahibə Qafarova həmçinin Qadın Parlamentarilər Qrupu və Gənc Parlamentarilər Qrupunun fəaliyyətini yüksək qiymətləndirib, may ayında keçirilən “Təhsil, mədəniyyət və sahibkarlıq” mövzusunda Türk Qadın Parlamentarilərinin Zirvə Görüşünün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.

Çıxışda çoxtərəfli parlament əməkdaşlığına dair təşəbbüslərə də toxunulub. Spiker TÜRKPA çərçivəsində səhiyyə, müdafiə, təhlükəsizlik və xarici əlaqələr üzrə parlament komitələrinin birgə iclaslarının keçirilməsinin əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdiyini bildirib. Bakı şəhərində keçirilmiş parlament aparatları rəhbərlərinin ilk görüşü də bu baxımdan xüsusi qeyd olunub.

Sahibə Qafarova beynəlxalq əlaqələrin inkişafı, TÜRKPA-nın beynəlxalq tədbirlərdə iştirakı və digər qurumlarla əməkdaşlığın genişlənməsi istiqamətində görülən işlərə də diqqət çəkib.

Çıxışının ikinci hissəsində spiker “Türk əsri” ideyasına toxunaraq, parlament diplomatiyasının bu baxışın reallaşmasında mühüm rola malik olduğunu vurğulayıb. O qeyd edib ki, geniş coğrafiyada yaşayan türk xalqları ortaq tarix, dəyərlər və birlik ideyası ilə sıx bağlıdırlar.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Bu, yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün yeni geosiyasi reallıqlar yaratdı. Bu Qələbə TÜRKSOY və digər türk təşkilatlarının gücünü də artırdı. Enerji, nəqliyyat, tranzit və digər sahələrdə əməkdaşlıq formatlarının genişləndirilməsi türk dövlətlərinin iqtisadi inteqrasiyasını daha da sürətləndirəcək”, – deyə Sahibə Qafarova vurğulayıb.

Çıxışının sonunda Milli Məclisin sədri əminliyini ifadə edib ki, TÜRKPA-nın 14-cü iclası çərçivəsində qəbul olunan qərarlar türk xalqları arasında qardaşlıq, həmrəylik və davamlı inkişaf prosesinə töhfə verəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Parlament Assambleyasının XIV plenar iclası çərçivəsində Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Ziya Öztürkler və Özbəkistan Ali Məclisinin Qanunverici Palatasının sədri Nurdinjon İsmoilov ilə görüşüb.

media-ads_728_90
Paylaş