Sumqayıtda Birinci Qarabağ müharibəsi şəhidinin nəşinin qalıqları torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səfərov Səfəralı Alverdi oğlunun nəşinin qalıqları sentyabrın 20-də Sumqayıtdakı “Şəhidlər xiyabanı” kompleksində dəfn olunub.
“TV1” xəbər verir ki, Bakıda şəhidin ailə üzvlərinin evində keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıta gətirilib.
Dəfn mərasimində şəhidin doğmaları, icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yaylım atəşi altında şəhidin nəşinin qalıqları torpağa tapşırılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı yaxınlarına təqdim edilib.
Qeyd edək ki, Səfəralı Səfərov 1973–cü ilin dekabr ayının 27-də Ermənistanın Qafan rayonunun Davruz kəndində dünyaya göz açıb. O, 1992-ci il sentyabr ayının 29-da hərbçi kimi Ağdam rayonunun Sırxavənd kəndi ərazisində gedən döyüşlərdə həlak olub. Elə o kəndin qəbiristanlığında da naməlum əsgər kimi dəfn olunmuşdu.