Sumqayıtda şəhid videooperator Şirac Abışovun ad günu ilə əlaqədar anım tədbiri keçirilib – FOTO
Şəhid videooperator Sirac Abışovun ad günu ilə əlaqədar bu gün Sumqayıt şəhərində anım tədbiri keçirilib.
“TV1” xəbər verir ki, S.Abışovun vaxtilə çalışdığı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə reallaşan tədbirə Sumqayıt şəhər ictimaiyyətinin, həmçinin Qubadlı rayonunun nümayəndələri də qatılıb.
Qeyd edək ki, iki gün əvvəl isə şəhidin xatirəsinə həsr olunmuş “Sirac” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi Əməkdar jurnalist Firuzə Nadirdir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının (AzTV) əməkdaşları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində çəkiliş aparmağa gedir. 2021-ci il iyunun 4-də Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndinə gedən yolda onların içərisində olduğu “KamAZ” markalı sərnişin avtomobili tank əleyhinə minaya düşür. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər isə yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlunu “3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.