Suqovuşana daha 53 ailə köçürüldü - YENİLƏNİB
Bu gün “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdərə rayonunun Suqovuşan kəndinə 185 nəfərdən ibarət 53 ailənin növbəti köçü baş tutub.
“TV1” xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarından yola salınan keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.
Bununla da bugünədək Ağdərə rayonunun Suqovuşan kəndinə ümumilikdə 126 ailə köçürülüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhramanov bildirib ki, köçürülən ailələrin işlə təmin edilməsi xüsusi diqqətdə saxlanılır.
Qeyd edək ki, Suqovuşan kəndinə köç bundan sonra da davam edəcək. Kəndə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb.
14:06 —————————————————————————————————————————————–
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində bu gün Ağdərə rayonunun Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.
“TV1” xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə – 185 nəfər köçürülür.
Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində 20 ailə köçürülüb. Növbəti mərhələdə – bu il aprelin 5-də isə kəndə 53 ailə – 174 nəfər köçürülüb.








