TDT: "Seçkilərin nəticələrinə təsir edən hal aşkarlamadıq"

media-ads_728_90

“Müşahidə missiyamız ümumilikdə 36 seçki məntəqəsini ziyarət edib. Monitorinq zamanı seçki məntəqələrinin fəaliyyətinə hər hansı müdaxilə qeydə alınmamışdır. İnsanların seçki hüququndan istifadə etmələri, yerli və beynəlxalq müşahidəçilərin seçkiləri izləmələri üçün bütün lazımi şərait yaradılmışdı”.

“TV1” xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, müşahidə missiyasının rəhbəri Ömer Kocaman növbədənkənar parlament seçkilərinin ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Ö.Kocaman bildirib ki, Nərimanov rayonundakı 21 saylı seçki məntəqəsində səslərin sayılması prosesində də iştirak ediblər.

“Missiya seçkilərin nəticələrinə təsir edən hər hansı hal aşkarlamayıb. Həmçinin seçki məntəqələrinin daxilində və yaxınlığında hər hansı təşviqat kampaniyasının həyata keçirilməsini müşahidə etmədik. Seçkilərin açıq və şəffaf, ölkənin milli qanunvericiliyinə və beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun keçirildiyini bəyan edirik”, – deyə müşahidə missiyasının rəhbəri vurğulayıb.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

media-ads_728_90
Paylaş