Tramp: Putin müharibədən yorulub
ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasında Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan sonra Avropa ölkələrinin liderlərini və Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya ilə sülh sazişi bağlamağa çağırıb.
“TV1” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti mənbələrinə istinadən yazıb.
Qəzetin məlumatına görə, Avropa İttifaqı rəhbərliyinin Berlində keçirilən görüşü zamanı Tramp prezident təyyarəsindən zəng edərək bildirib ki, onun qənaətinə görə, Putin “müharibədən yorulub” və bir neçə ay əvvəl razılaşmayacağı güzəştlərə indi getməyə hazırdır.
ABŞ Prezidenti, həmçinin Avropa İttifaqına Ukraynaya milyardlarla dollar xərcləmək əvəzinə, həmin vəsaiti öz ölkələrinin ehtiyaclarına yönəltməyi tövsiyə edib.
Qeyd edək ki, V.Putin D.Trampla görüşdən sonra əvvəlki tələblərini bir daha təsdiqləyib. O, Ukrayna qoşunlarının Donbas ərazisindən çıxarılmasını tələb edib. Putin, həmçinin Krım körpüsünə endirilən zərbələrdən sonra məhdud atəşkəs üzrə danışıqların bərpası imkanını istisna edib və cavab hücumları ilə hədələyib.








