Türkiyədə məktəblərdə YENİ SİSTEM
Türkiyədə yeni tədris ilindən etibarən bütün məktəblərdəki müşahidə kameraları şəhər təhlükəsizlik sistemi ilə inteqrasiya olunacaq.
“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Milli Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu qərar sayəsində polis məktəblərin ərazisini 24 saat real vaxt rejimində izləyə biləcək. Təşəbbüs İstanbul, Kahramanmaraş və Siverekdə məktəblərə və müəllimlərə qarşı baş vermiş hücumlardan sonra təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi daşıyır.
Bildirilib ki, layihə “Məktəb Təhlükəsizliyi Qalxanı” adlı yeddi mərhələli təhlükəsizlik modeli çərçivəsində həyata keçiriləcək. Plana risklərin qiymətləndirilməsi, fiziki təhlükəsizliyin gücləndirilməsi, erkən xəbərdarlıq sistemlərinin tətbiqi, psixoloji dəstək proqramları, polis və məktəb rəhbərliyi arasında koordinasiya, dövlət qurumları arasında əməkdaşlıq və fövqəladə hallarla bağlı müntəzəm təlimlər daxildir.
Bundan başqa, hər məktəb üçün fərdi təhlükəsizlik planı hazırlanacaq. Riskli hesab olunan məktəblərdə silahlı polis əməkdaşlarının növbətçiliyi davam etdiriləcək, bəzi təhsil müəssisələrinin ətrafında isə polis patrulları gücləndiriləcək. Layihə çərçivəsində şagirdlərə psixoloji dəstəyin artırılması və davranışında, o cümlədən internet fəaliyyətində risk əlamətləri müşahidə olunan uşaqlara xüsusi diqqət yetirilməsi də nəzərdə tutulur.








